Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməkdədir. Fakültəmiz təhsildə baş verən müasir çağırışları tətbiq etməyi və tələbələrə beynəlxalq perspektiv imkanları tanımağı əsas prioritet istiqamət olaraq müəyyən etmişdir. Bu baxımdan fakültəmiz beynəlxalq proqram və layihələrdə fəal iştirak edərək professor-müəllim heyətinin, həmçinin tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Beynəlxalq proqram və layihələrdə iştirak professor-müəllim heyəti, inzibati heyət və tələbələr üçün qlobal dünyanın dinamikasını anlamaq, beynəlxalq münasibətlərin mürəkkəbliyini dərk etmək və iqtisadi prosesləri mənimsəmək imkanı yaradır. Bu çərçivədə fakültəmiz müxtəlif beynəlxalq qurumlar, proqramlar, universitetlər və şirkətlərlə əməkdaşlıq edərək tələbələrə müxtəlif imkanlar təqdim edir.
Beynəlxalq proqramlarda iştirak edən fakültənin professor-müəllim heyəti, inzibati heyət və tələbələri müxtəlif mədəniyyətləri tanımaq və qlobal hadisələri anlamaq imkanı əldə edirlər. Həmçinin fakültəmiz əməkdaşlar və tələbələrin akademik və şəxsi inkişafına dəstək olmaq üçün "Erasmus+ KA107" və "Mevlana" kimi beynəlxalq mübadilə proqramlarının həyata keçirilməsini dəstəkləyir və yeni əməkdaşlıqların bağlanmasına böyük əhəmiyyət verir. Bu cür proqramlarda iştirak əməkdaşlar və tələbələr üçün bir sıra üstünlüklər yaratmaqdadır. Beynəlxalq layihələr əməkdaşlar və tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək şansı verir. Həmçinin nəzərdə tutulan proqramlarda iştirak edən tələbələrin məzun olduqdan sonra beynəlxalq şirkətlərdə, diplomatik sahələrdə və ya beynəlxalq təşkilatlarda iş tapmaq şanslarını artırır.
Fakültəmiz müxtəlif beynəlxalq proqram və layihə imkanları təklif edərək tələbələrinin akademik uğurlarını və qlobal rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Bu kontekstdə mütəmadi olaraq əməkdaşlar və tələbələr arasında məlumat sessiyaları təşkil edilir.
Eyni zamanda, fakültənin beynəlxalq əlaqələrində "TACİS-TEMPUS" proqramı çərçivəsində «Avropa və Xəzər dənizi» layihəsi üzrə Fransanın Nits, Qrenobl və İtaliyanın Genuya Universitetləri ilə əməkdaşlığı vurğulamaq lazımdır. Proqramı çərçivəsində fakültəmizin bir sıra əməkdaşları Fransanın Nitsa Universitetində elmi-tədris təcrübəsi keçiblər. Həmçinin "Erasmus+ KA107" proqramı çərçivəsində fakültəmizin əməkdaşları və tələbələri müxtəlib tərəfdaş universitetlərdə təcrübədə olublar.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi bu günə qədər müxtəlif səviyyəli beynəlxalq proqramlarda iştirak edərək qalib gəlmiş və əldə etdiyi qrantlar hesabına universitetə 1 milyon dollara qədər maliyyə vəsaiti cəlb etmişdir.