Azərbaycan Respublikası dövlət müstəqilliyinə yenidən nail olduqdan sonra onun beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində mütəxəssislərə böyük ehtiyac yarandı. Bu məqsədlə BDU Elmi Şurasının tarixi qərarı əsasında 1991/92-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı və zamanın axarında öz təsdiqini tapdı.
Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası və Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri hesabına formalaşdırıldı.
O vaxtlar beynəlxalq münasibətlər, xüsusilə beynəlxalq hüquq elmi haqqında təsəvvürlər zəif idi. Bu boşluğun qısa vaxtda aradan qaldırılması əsl fədakarlıq tələb edirdi. Mövcud şəraitdə işin ağırlığı yenicə formalaşan fakültə kollektivinin üzərinə düşürdü.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir vaxtlar böyük uzaqgörənliklə respublikamızdan kənarda təhsil almağa göndərdiyi kadrlar yeni fakültənin təşəkkülü işinə qoşuldu və qısa zamanda BDU-da əsl beynəlxalq hüquq məktəbi formalaşdı.
Bolonya təhsil sisteminə keçidlə əlaqədar olaraq, fakültədə bir sıra struktur dəyişiklikləri aparılmışdı. 2011-ci ildə ilk əvvəl beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinəköçürülmüşdü. 2011-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan İqtisadiyyat ixtisası, 2013-cü ildə Politologiya ixtisası isə müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edildi. Buna görə də, 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırıldı və buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, iqtisadiyyat, dünya iqtisadiyyatı və politologiya ixtisasları üzrə tələbələrin təhsili təşkil olundu.
Gənc fakültəyə ilk rəhbərlik prof. Mahmud İsmayıl oğlu Quliyevə (1991-1992) həvalə olundu. 1992-2006-cı illərdə fakültəyə dosent Sədiyar Zeynalov rəhbərlik etmişdir.
2006-2022-ci illərdə fakültəyə tarix elmləri doktoru, professor Zeynalabdin Mədət oğlu Həsənəliyev rəhbərlik etmişdir. Prof. Z.M.Həsənəliyev 1976-1982 illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1989-cu ildə BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1991-ci ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professordur. 2009-cu ildə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. O, 50-dən artıq məqalənin, 1 monoqrafiyanın, 2 kitabın müəllifidir. Prof. Z.M.Həsənəliyev rəhbərliyi ilə 2 nəfər doktorant müdafiə etmişdir. Dəfələrlə fakültənin nəzdində fəaliyyət göstərən Birdəfəlik dissertasiya şuralarının sədri olmuşdur. Hazırda BDU-nun Tarix fakültəsinin və Kitabxanaçılıq-informasiya fakültələrinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının üzvüdür.
2022-ci ildən fakültə dekanı Laçın Abışlıdır.
Hazırda fakültədə 3 dekan müavini çalışır: Tədris işləri üzrə dekan müavini iqtisad üzrə fəlsəfə doktoru, dosent İkram Cəbrayılov, Elm və magistratura üzrə dekan müavini siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov, Sosial məsələlər, tələbələrlə iş üzrə dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru Kənan Vəkilov
Fakültə dekanlığı, Tədris-Metodiki Şura və kafedraların birgə işinin nəticəsi olaraq qısa müddətdə yeni və müasir standartlara cavab verən tədris proqramları hazırlanmış, ayrı-ayrı fənlər üzrə sanballı dərsliklər nəşr olunmuşdur. Bütün bunlarla yanaşı fakültə daim inkişafda olmuş və günün tələblərinə uyğun olaraq təhsildə yeni islahatlar edilmişdir.
Beynəlxalq münasibətlərin və iqtisadiyyatın aktual problemlərinin tədqiqi hazırda kafedraların elmi işlərinin əsasında durur. Bu gün fakültənin həyatında özünəməxsus yer tutan gənc müəllimlər iyirmidən artıq yaşı olan fakültənin yetirmələridir.
Fakültənin professor müəllim və tədris-köməkçi heyəti, strukturu. Bu gün fakültə 82 nəfərlik bir kollektivi özündə birləşdirir. Onların 13 nəfəri professor, 40 nəfəri dosent, 19 nəfəri baş müəllim və müəllim, 10 nəfəri isə tədris-köməkçi heyətidir.
Azərbaycan Respublikasının təhsil sistemində xüsusi yeri olan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində yüksək səviyyəli kadrlar çalışmaqdadırlar. Onlar beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərini layiqincə ifadə və müstəqil Azərbaycanın iqtisadi inkişafını təmin edə biləcək mütəxəssis hazırlığına töhfələrini verməkdədirlər. Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin fəaliyyətində və inkişaf etməsində professorlar Zeynalabdin Həsənəliyevin, Ağalar Abbasbəylinin, Hicran Hüseynovanın, Əli Əhmədovun, Hacıağa Rüstəmbəyovun, Elşar Orucovun və digər şəxslərin adlarını xüsusi olaraq qeyd etmək lazımdır.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Azərbaycanın milli dövlətçilik strategiyasına xidmət edir. Bu ali məqsədin reallaşdırılması xüsusilə gənclərin üzərinə məsul vəzifələr qoyur. Təsadüfi deyil ki, fakültədə gənc müəllim və kadrların imkan və bacarıqlarından geniş istifadə edilir. Çünki bu gənc müəllim və kadrlar fakültənin güvənc yeri olan ağsaqqalların təcrübələrindən və öz potensiallarından, enerjilərindən istifadə edərək fakültəni sabaha aparırlar. Onlar həm elmi araşdırmalar aparır, həm də tədris prosesində yaxından iştirak edirlər. Gənc mütəxəssislərin elmi fəaliyyəti və tədrisi birgə həyata keçirməsi nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqəsindən doğan yüksək nəticələri ortaya qoyur. Belə olan təqdirdə nəinki fakültə, həmçinin universitet Azərbaycan elmində özünün xüsusi yerini və rolunu saxlayır. Gənc kadrlara xüsusi diqqət və qayğının göstərilməsində əsas səbəblərdən biri də ondan ibarətdir ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Azərbaycanda diplomat kadrların hazırlanmasında özünəməxsus yerə malikdir. Azərbaycan Respublikasının maraqlarının beynəlxalq münasibətlər sistemində layiqincə qorunması üçün hər zaman istedadlı və yüksək hazırlıqlı mütəxəssislərə ehtiyac vardır.
Fakültənin professor-müəllim heyəti universitetin ictimai həyatında yaxından iştirak edir, respublikamızdakı digər elm mərkəzlərində keçirilən tədbirlərdə fəallıq göstərir, BDU daxili və xarici qrant layihələrində yaxından iştirak edir.
Hazırda fakültədə 7 kafedra – Beynəlxalq münasibətlər, Diplomatiya və müasir inteqrasiya prosesləri, Politologiya və sosiologiya, İqtisadiyyat, Maliyyə və menecment, Dünya iqtisadiyyatı, Riyazi iqtisadiyyat kafedraları fəaliyyət göstərir.