İstiqamət: 160000 – Beynəlxalq münasibətlər
- Cənubi Qafqazın müasir geosiyasi reallıqları
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Ağalar Abbasbəyli
Məqsəd: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kompleks regional faktorlarla bağlı təhlil edilməsi, regionun dünya siyasət orbitinə daxil olması ilə bağlı çoxsaylı problemlərə aydınlıq gətirilməsi, 44 günlük müharibə nəticəsində regionda yeni qüvvələr müvazinətinin yarandığının elmi-siyasi baxımdan təhlil edilməsi.
Nəticə: Göstərilən problemlə bağlı müəllifin müxtəlif elmi-nəzəri nəşrlərdə məqalə və tezisləri nəşr olunmuşdur ki, bunlarda Cənubi Qafqaz regionu ətrafında gedən geosiyasi proseslərin ilk növbədə Avropanın enerji maraqları ilə bağlı olduğu, regional sabitliyə müxtəlif amillərin təsiri araşdırılmışdır.
Təcrübi əhəmiyyəti: Müasir dövrdə Cənubi Qafqaz regionunda baş verməkdə olan geosiyasi proseslərin və dəyişikliklərin vəziyyəti və tarixi-coğrafiyası müəllifin uzunmüddətli yaradıcılıq istiqamətidir. Regionda baş vermiş dəyişikliklərə uyğun olaraq problem mərhələlərlə araşdırılmalıdır.
- Milli təhlükəsizliyin regional aspekti
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Ramiz Sevdimalıyev
Məqsəd: Milli təhlükəsizliyin regional layihələrlə sıx bağlılığı bu sahəyə xüsusi diqqət tələb etməsi Azərbaycan kontekstində milli təhlükəsizlik siyasətinin qarşısında duran məqsəd və vəzifələrin düzgün dəyərləndiriliməsi və layiqincə həyata keçirilməsini zəruri edir ki, hazırda ölkənin milli təhlükəsizlik siyasəti öz çevikliyi və müasir dünyadakı qlobal dəyişikliklərə həssas, operativ yanaşması ilə səciyyələnir.
Nəticə: Milli təhlükəsizlik məsələsi uzun illərdir ki, araşdırılır və zaman-zaman müəyyən mexanizmlər və planlar işlənərək dövlətlərin siyasətində əsas müəyyənedici xətlərdən biri kimi inkişaf etdirilir. Regional layihələr isə milli təhlükəsizliyə təhtidlərin əngəllənməsi baxımından ciddi əhəmiyyətə malikdir ki, tədqiqat prosesində obyektiv təhlil edilir və ümumiləşdirilir.
Təcrübi əhəmiyyəti: Beynəlxalq təhlükəsizlik milli və regional təhlükəsizliklə sıx bağlıdır, hazirda dövlətin milli təhlükəsizliyi onun varlığının və bir dövlət kimi fəaliyyətinin əsas prinsiplərindəndir. Təsadüfi deyil ki, məhz bu problemi zaman-zaman aktual edir və tədqiqatları şərtləndirir.
- Azərbaycan-Iran əlaqələrində geosiyasi amillər
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Yaqub Vəliyev
Məqsəd: Dünya Xəzər regionunda nüfuz dairəsi uğrunda mübarizənin dəfələrlə şahidi olmuşdur ki, bu baxımdan geostrateji cəhətdən ən əlverişli şəraitdə yerləşən ən güclü dövlət Azərbaycandır. Xəzəryanı ölkələrin, o cümlədən qonşu dövlətlər olan İran və Türkiyənin üzləşdiyi əsas problem Xəzər dənizindən hasil edilən neftin və qazın daşınması marşrutu olmuşdur. Hazırda Xəzər regionunda öz nüfuzunu gücləndirməyə çalışan dövlət xarici siyasətində antiamerikan və antiatlantik xətt yürüdən İran İslam Respublikasıdır. Taktiki cəhətdən İranın mövqeyi əsasən Rusiya Federasiyasının mövqeyi ilə üst-üstə düşür. Rusiyanın Xərər regionunda NATO-nun Şərqə və Cənuba genişlənməsinin qarşısını almaqda ən yaxın müttəfiqi məhz İrandır.
Nəticə: İran və Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə qarşıdurmasının mahiyyətini açıb göstərən müəllif regionda yaranmış yeni geosiyasi vəziyyəti kompleks şəkildə araşdırır və iki məqalə ilə çıxış edərək kompleks araşdırma və ümumiləşdirmə aparır.
Təcrübi əhəmiyyəti: Cənubi Qafqaz regionunun müasir dünya düzənində rolu və yeri XX-XXI əsrlərin hüdudlarında baş vermiş və verməkdə olan hadisə və proseslər nəticəsində əsaslı şəkildə dəyişməkdədir. Hazırda Qafqaz-Xəzər regionu öz zəngin karbohidrogen ehtiyatları ilə dünya siyasətinin mühüm geostrateji mərkəzinə, iri və regional dövlətlərin rəqabət meydanına çevrilmişdir ki, bunun iki ölkənin maraq və məqsədləri baxımından araşdırılması vacibdir.
- Müasir dövrdə humanitar müdaxilədə keyfiyyət dəyişiklikləri
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Mehriban Babazadə
Məqsəd: Araşdırmanın məqsədi beynəlxalq hüquq doktrinasında və dövlərlərarası əlaqələrdə ən çox mübahisə və ziddiyyət təşkil edən məsələlərdən biri humanitar müdaxilənin hüquqauyğunluğunu göstərməkdir.
Nəticə: Hakimiyyət rıçaqlarını itirməklə əhali üzərində nəzarəti əldən verən yerli hakimiyyətlərin sərt tədbirlərə əl atması dövlətdaxili münasibətlərdə gərginliyə və sosial-siyasi xaosa gətirir. Bu dövlətlərin rəhbərlərinin daxili poblemləri həll edə bilməməsi və ya həll etmək iqtidarında olmaması səbəbindən humanitar müdaxilə özünü doğrulda bilər. Əks təqdirdə isə, ölkə daxilində xaos nəinki regional, hətta beynəlxalq nizamı qeyri-sabitləşər.
Təcrübi əhəmiyyəti: Müasir dünyada münasibətlər sisteminin açıqlığı və qloballaşma prosesləri sayəsində insan hüquqlarının kütləvi şəkildə pozulması və hakimiyyətin digər qanunsuz əməlləri dünya ictimaiyyətinin nəzərindən yayına bilməz və məhz bu səbəbdən beynəlxalq müdaxiləyə həqiqi ehtiyac yaranır.
- KİV regionda geosiyasi rəqabət haqqında
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Qurban Məmmədov
Məqsəd: ABŞ-ın İsraillə müttəfiqlik münasibətlərinin dairəsinə sonralar Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Küveyt və s. dövlətlər qatılmışdı ki, bu ABŞ-a regionda hegemon qüvvəyə çevrilmək imkanı yaratdı. ABŞ-la İsrail arasında imzalanmış «Dörd nöqtə» müqaviləsinə əsasən İsrail ərəb dövlətlərinin cəmindən daha çox iqtisadi və hərbi yardımı alırdı. Tədricən də belə müqavilələrin digər dövlətlərlə bağlanmağa başlaması regionda geosiyasi situasiyanı dəyişdi ki, XXI əsrin 10-cu illərindən bu konfiqurasiyaya Rusiya, Çin, Türkiyə, İran və s. dövlətlər qatıldılar.
Nəticə: 2001-ci il 11 sentyabr hadisələrindən sonra regiona münasibət əsaslı şəkildə dəyişdi, 2008-2011-ci illər dünya iqtisadi böhranı, 2011-ci illər "ərəb baharı" hadisələri və Cənubi Qafqazda geosiyasi situasiyanın dəyişməsi ciddi tədqiqatlara ehtiyac yaratdı ki, müəllif ABŞ-ın qlobal hegemonluğa nail olmaq niyyətlərinin Yaxın Şərq və Cənubi Qafqazla bağlı məqamlarını araşdırır və gözlənilən perspektivləri təhlil edir.
Təcrübi əhəmiyyəti: Minilliklərin qovşağında beynəlxalq aləmdə baş verməkdə olan hadisə və proseslərin episentri Yaxın Şərqə keçməyə başladı. ABŞ-ın “Böyük Orta Şərq” layihəsini reallaşdırmağa başlaması regionun gələcəyinə ciddi təsir göstərmişdi. Belə ki, əvvəlcə mühafizəkar rejimlərin qorunması ilə ABŞ bölgədə maraqlarının ödənməsinə çalışırdı, çünki bu maraqlar İsrailin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı idi, az sonra regionda situasiya dəyişdi ki, bu yeni yanaşma zərurəti yaratdı.
- Kosmik fəza anlayışına müasir elmi-nəzəri yanaşmalar
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Afət Güləliyeva
Məqsəd: Bipolyar dünya nizamının mövcud olduğu dövrdə kosmosun mənimsənilməsi soyuq müharibənin təsiri altında gedirdi. Belə vəziyyətdə müxtəlif kollektiv təhlükəsizlik təşkilatları, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, habelə regional hərbi və qeyri-hərbi təşkilatlar Avro-Atlantika məkanında, Yaxın və Uzaq Şərqdə, Afrika və Hind okeanı hövzəsində kosmosun təhlükəsizlik məkanına çevrilməsi məqsədilə fəaliyyətə başladılar.
Nəticə: Kosmik fəzanın bölüşdürülməsi və onun mənimsənilməsinin beynəlxalq hüquqi əsaslarının yaradılması məsələsinin aktuallığı zaman-zaman problemlə bağlı daha kəskin şəkildə qoyulan problemlərin təzahütlərini şərtləndirir ki, belə vəziyyət problemi daimi olaraq gündəmli edir. Məhz buna görə müəllif həm bu sahədə fakt, sənəd və materialların toplanması işini həyata keçirməkdə, həm də araşdırmalar aparmaqdadır.
Təcrübi əhəmiyyəti: II dünya müharibəsindən sonra yaranmış yeni beynəlxalq şəraitdə dövlətlər və beynəlxalq təşkilatlar kosmosun öyrənilməsi sahəsində əməli fəaliyyətə başladılar. BMT, NATO, habelə bir sıra regional təşkilatlar ciddi şəkildə və tez bir zamanda kosmosla bağlı müxtəlif layihə və tədqiqatları ərəsəyə gətirdilər. Kosmosun öyrənilməsi fəzanın mənimsənilməsinin beynəlxalq hüquqi aspektləri məsələsinin aktuallaşmasına gətirib çıxardı.
- AR-ın ərazi bütövlüyünün təmin edilməsi və əhəmiyyəti
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Nərgiz Məmməd-zadə
Məqsəd: Postsovet məkanı kontekstində hazirda dünyanın, xüsusi ilə Rusiya və Qərb dövlətlərinin Cənubi Qafqaz-Mərkəzi Asiya məkanına təsir etmək gücündə olması, hətta həmin ölkələrin ərazi bütövlüyünü, geosiyasi və geoiqtisadi maraqlarını önləməsi qoyulan problemi olduqca aktuallaşdırmışdır. Buna görə də müəllif regional təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi diqqət verir və regionun ehtimal olunan kataklizmlərdən qurtula bilməsi yolları üzərində tədqiqat aparır.
Nəticə: Müəllif region dövlətlərinin ərazi bütövlüyünün qorunması və bu sahəyə aid elmi-politoloji tədqiqatların aparılması fikiri aşılayır, milli diplomatiyamızın bu istiqamətdə fəaliyətinin aktivləşməsi və reallaşması məsələlərini önə çəkir. Toplanmış təcrübənin ümumiləşdirilməsi öz əksini konkret tədqiqat işlərində tapır.
Təcrübi əhəmiyyəti: Müasir dünya siyasətində dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi hüququnun istiqamətləri, mahiyyət və məzmununun araşdırılması kompleks tədqiqat işlərinin aparılmasını zəruri etmişdir. Problem müasir dünya nizamı durduqca öz aktuallığını saxlayacaq və gündəmdən çıxmayacaqdır.
- Suriya münaqişəsi və niza-mlanması ətrafında diplomatik-siyasi mübarizə
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Əlimusa İbrahimov
Məqsəd: Yaxın Şərq regionu hazırda Türkiyə, İran və İraq ABŞ-ın, Rusiyanın, İngiltərənin, Fransanın, Çinin, İsrailin, Yaponiyanın, Səudiyyə Ərəbistanının və s. ölkələrin xarici siyasətində xüsusi yer tutur. Suriya və Əfqanıstan ətrafında göstərilən dövlətlərin hamışının maraqları toqquşur. Hazırda Yaxın Şərqdə cərəyan edən hadisələrin və proseslərin ssenari-müəlliflərindən biri kimi İsrail əslində ABŞ-ın region siyasətinin icrasıdır, Rusiya ayrıca maraqları ilə çıxış edir.
Nəticə: Müəllif problemin mahiyyət və məzmununun açılmasını ətraflı təhlil edir, burada maraqları olan dövlətlərin regiona təsirini səciyyələndirir və konkret proqnozlar səsləndirir və problemlə bağlı 7 məqalə nəşr etdirmişdir.
Təcrübi əhəmiyyəti: XX yüzilliyin sonlarından etibarən Orta Şərqdə baş verən və verməkdə olan mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malik hadisələr çox şeyi dəyişdi. Region ölkələrindən olan İran İslam Respublikası və Türkiyə Cümhuriyyəti mühüm regional oyunçulara çevrildilər. Nəticədə böyük və kiçik dövlətlərin maraqları və məqsədləri çarpazlaşaraq üz-üzə gəldi və region öz inkişafında yeni mərhələyə daxil oldu.
- Müasir dövrdə Azərbaycan-İsveç mədəni əlaqələri
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Xəyyam İsmayılzadə
Məqsəd: İki ölkə arasında ticarət-iqtisadi əlaqələri əngəlləyən və stimullaşdıran faktorların açılıb göstərilməsi, "İsveç iqtisadi möcüzəsinin" mahiyyətinin aydınlaşdırılması, ikitərəfli əlaqələrdə enerji faktorunun əhəmiyyəti, iqtisadi əlaqələr və təcrübə mübadiləsi, infilyasiyanın əngəllənməsi və sosial sahələrdə vəziyyət kimi məsələlərlə bağlı fakt, sənəd və materialların toplanması və təhlili.
Nəticə: Ölkələrarası əlaqələrin Azərbaycan ictimai fikri tərəfindən olduqca maraqla qarşılanması və bunun turizmin inkişafı ilə bağlı statistik göstəricilərdə əks olunması toplanmiş materiallara əsasən elmi məqalələrin nəşr edilməsini vacib etmişdir və bu istiqamətdə işlər görülür.
Təcrübi əhəmiyyəti: Müasir dövrdə çoxşaxəli dövlətlərarası əlaqələrin beynəlxalq əməkdaşlıq və inteqrasiya üçün əhəmiyyəti böyükdür. Bu baxımdan Azərbaycan-isveç iqtisadi əlaqələri ilə bağlı araşdırmaların aparılması, sənəd və materialların toplanması olduqca aktualdır.
- Azərb. Respub. region siyasətində əsaslı dəyişikliklər
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Bəxtiyar Nəbiyev
Məqsəd: Problemlə bağlı fakt və sənədlərin çoxluğuna, habelə materialların rəngarəngliyinə baxmayaraq bunların sistemsiz və pərakəndə şəkildə olması, geosiyasi və geoiqtisadi xarakter daşıması müəllifdən problemə kompleks şəkildə yanaşma tələb edir ki, bunun üçün müəllif Azərbaycanın Yaxın Şərq və Cənubi Qafqaz regionunda yaratdığı reallıqların ayrı-ayrı aspektlərinə toxunan araşdırmaların aparılması nəzərdə tutulmuşdur.
Nəticə: Müxtəlif elmi nəşrlərdə elmi məqalələrin çap edilməsi, sistemli təhlillərin aparılması, xüsusilə son dövrün hadisə və prosesləri ilə bağlı (dünya iqtisadi böhranı, “ərəb baharı” və 44 günlük müharibə ilə bağlı hadisələr) elmi-nəzəri baxımdan araşdırmaların və ümumiləşdirilmələrin aparılması məqsədi ilə sistemli şəkildə fakt, sənəd və materialların toplanması davam etdirilməkdədir.
Təcrübi əhəmiyyəti: Müasir dövrdə Azərbaycan geosiyasətində baş verənlər ilk növbədə 44 gün davam edən Vətən müharibəsinin nəticələri ilə bağlıdır. Regionun dünya siyasətində yeri ilk növbədə onun geosiyasi əhəmiyyəti və dünya enerji ehtiyyatlarının yeni ambarına malik olması ilə əlaqədardır.
- Müasir dövrdə beynəlxalq əməkdaşlığın zəruriliyi
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Fərhad Hüseynov
Məqsəd: “Xalqlar muzeyi” sayılan Cənubi Qafqaz regionun enerji ehtiyyatları ilə zənginliyi və Böyük İpək yolunun üzərində yerləşməsi onun dünyaya inteqrasiyası yolunda əngəlləri ortadan götürür. Cənubi Qafqazın, xüsusilə Azərbaycan və Gürcüstanın etnosiyasi rəngarəngliyi və buna görə hazırda etnosiyasi münaqişələrin episentrinə çevrilməsinə baxmayaraq, bu ölkələr sürətlə müasir dünya nizamına inteqrasiya olunmaqdadır ki, ölkələrin inkişafının perspektivləri baxımından əhəmiyyəti olduqca böyükdür.
Nəticə: Belə səpkili elmi-tədqiqat işlərinin aparılması, analiz və ümumiləşdirilmələr gözləntilər baxımından əhəmiyyətlidir. Nəzərə alsaq ki, regionda vəziyyət 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə ciddi şəkildə dəyişmişdir, belə vəziyyət hələlik material toplanması prosesini önə çəkmişdir və müəllif bu istiqamətdə fəaliyyət göstərməkdədir.
Təcrübi əhəmiyyəti: Müasir dövrdə inteqrasiya prosesləri regional və qlobal müstəvidə inkişaf edir. Hazırda Azərbaycan, qərb və rus elmi-nəzəri fikirində inteqrasiyanın regionallaşması ideyası əsas götürülür və bu kontekstdə Cənubi Qafqazda beynəlxalq əməkdaşlıqla bağlı məsələlər daha çox gündəmdə olur.
- Müasir dünya siyasətində din amili
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Eldar Cəfərov
Məqsəd: Qloballaşan dünyada din-dövlət münasibətlərinin düzgün anlaşılması, zaman-zaman meydana çıxan çağırışların və problemlərin həlli məhz dolğun tarixi-nəzəri tədqiqatların aparılmasını zəruri edir. Bu baxımdan, dövlət-din münasibətləri modellərinin müqayisəli təhlili, bu sahədə müxtəlif yanaşmaların qarşıladırılması, dünyəvilik prinsipinin hüquqi əsaslarının göstərilməsi və s. mövzular müasir sosiologiyanın, siyasət elminin, beynəlxalq münasibətlərin aktual problemlərindən hesab edilir.
Nəticə: Multikultral ənənələrin vətəni kimi Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri dinc yanaşı yaşamaqdadırlar. Müəllif tərəfindən problemlə bağlı sənəd və materialların toplanması prosesi aparılmaqdadır.
Təcrübi əhəmiyyəti: Müasir dövrdə dövlət-din münasibətlərini sosioloji nəzəriyyələr əsasında tədqiq edən araşdırmalar böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, Qərbdə din-dövlət və dinsiyasət münasibətlərinin araşdırılmasına həsr edilən geniş elmi ədəbiyyat mövcuddur.
- Rusiya regionun əsas aktorlarından biri kimi
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Aytən Qurbanova
Məqsəd: ХХ əsrin 90-cı illərində baş vermis qlobal dəyişikliklər Rusiya üçün də yeni bir mərhələnin başlanması demək idi. Yaranmış yeni beynəlxalq münasubətlər sistemində Rusiya öz mövqeyini müəyyənləşdirməkdə heç vaxt gecikməyib. Türkiyə ilə əlaqələr, xüsusilə də iqtisadi əlaqələr genişləndirilməyə başlandı.
Nəticə: Rusiyanın regionun güc mərkəzlərindən biri olması mahiyyətinin açılması, elmi-siyasi təhlillərin aparılması, haqisə və proseslərin perspektivlərinə dair proqnoz və təkliflərin verilməsi.
Təcrübi əhəmiyyəti: Rusiya nəinki regionun, habelə dünyanın güc mərkəzlərindən birindir. Rusiya, təbii ki, Mərkəzi Asiyada beynəlxalq əməkdaşlıq mühitində rəqabətliliyin artması ilə bağlı olan yeni geosiyasi reallıqları da nəzərə alır. Mərkəzi Asiyanın ayrı-ayrı ölkələri ilə münasibətlər daha çox həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə həyata keçirilən əməkdaşlığın müxtəlif trayektoriyalarının elementinə çevrilməkdədir.
- Avropada etno-siyasi münaqişələr
Mövzunun rəhbəri: professor Ağalar Abbasbəyli
İcraçı: Samirə Bilalova
Məqsəd: Avropa məkanında meydana gələn münaqişələr və onların aradan qaldırılması yolları müasir diplomatiyanın başlıca məqsədlərindən biridir və problemə dair müxtəlif baxış bucaqlarının yaranmasına səbəb olmuşdur. Məhz belə vəziyyət münaqişə anlayışına dair fərqli yanaşmaların meydana gəlməsini şərtləndirmişdir ki, bunlar Avropa məkanında münaqişələrin nizamlanması yollarına aydınlıq gətirir.
Nəticə: Avropada etnosiyasi münaqişələrlə bağlı elmi seminarlarda mühazirələr edilmiş, münaqişələrin yerli və xarici mediada necə işıqlandırıldığının təhlili aparılmışdır.
Təcrübi əhəmiyyəti: Dövlətlərarası zorakılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması fonunda daxili müharibələr, xüsusən də etnik münaqişələr daha çox narahatlıq yaratmağa başlamışdır. XX əsrin ikinci yarısından təkcə Avropada deyil, bütün dünyada zorakı etnosiyasi münaqişələrin sayında artım qeydə alınmışdır.