Kafedranın bir sıra müəllimləri xaricdə fəaliyyət göstərən müxtəlif elm ocaqları, universitetlər, araşdırma mərkəzləri və jurnallarla əməkdaşlıq etməkdədir. Kafedranın Professoru İsmayıl Musa TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) çərçivəsində 1997-98-ci illərdə Türkiyənin ODTÜ universitetində, 1999-cu ildə isə Boğaziçi universitetində elmi ezamiyyətdə olmuşdur. 2000-ci ildə isə İsmayıl Musanın Şimali Kipr Türk Cümhuriyyətindəki Doğu Akdeniz Universitetinə elmi ezamiyyəti baş tutmuşdur. Bundan əlavə İsmayıl Musa Türkiyədə yerləşən bir çox elm ocaqları və strateji araşdırma mərkəzləri əməkdaşlıq etməkdədir. İsmayıl Musa Ankarada yerləşən “Yeni Türkiye” Strateji Araşdırma Mərkəzinin redaksiya heyətinin üzvü olmaqla yanaşı Türk Tarih Kurumu ilə də əməkdaşlıq etmiş, bu təşkilata məxsus ünlü “Belleten” jurnalında iki məqaləsi işıq üzü görmüşdür. İsmayıl Musanın Türkiyədə əməkdaşlıq etdiyi qurumlar sırasında Qars-Qafqaz Universitetini, Türkmeneli İşbirliği ve Kültür Vakfını, Giresun Universitetini, Aydın Universitetini misal göstərə bilərik. İsmayıl Musa eyni zamanda müxtəlif səpkili beynəlxalq tədbirlərdə də Azərbaycanı təmsil etmişdir. Bu tədbirlər sırasında 1999-cu ildə Fransanın Nitsa şəhərində baş tutan “Avropa Xəzər dənizi” layihəsi üzrə beynəlxalq seminar, həmin ildə Ankarada təşkil olunan “XIII. Türk Tarihi Kongresi”, 2015-ci ildə İstanbul Aydın Universitetində baş tutan “Tarihi Belgeler İşığında Ermeni Olayları” mövzusunda beynəlxalq simpozium və 2017-ci ildə Giresundakı “Uluslararası Hocalı Soykırımı Sempozyumu” xüsusi diqqətə layiqdir.
Kafedranın əməkdaşlarından siyasi elmlər üzrə fəlsəfə doktoru Cənnətxan Eyvazov bir sıra beynəlxalq akademik jurnalların, o cümlədən Central Asia and the Caucasus Journal of Social and Political Studies (İsveç), The Caucasus & Globalization Journal of Social, Political and Economic Studies (İsveç), Avrasya Strateji Journal (Türkiyə), Revista Gênero e Interdisciplinaridade (Journal of Gender and Interdisciplinarity, Braziliya) kimi mötəbər jurnalların redaksiya heyətinin üzvü olmuşdur. 2005-2018-ci illərdə o, SCOPUS və РИНЦ elmi nəşrlərin biblioqrafik məlumatlar bazalarında indeksləşən Central Asia and the Caucasus jurnalının baş redaktorunun müavini vəzifəsində çalışmışdır.
Kafedranın əməkdaşı Sultan Zahidov da müxtəlif beynəlxalq təşkilatlar və jurnallarla əməkdaşlıq etməkdədir. O, 2020-ci ilin avqustunda 10-da Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyi və paytaxt İslamabadda yerləşən “Qlobal və Strateji Tədiqatlar Mərkəzi”-nin təşkilatçılığı ilə “Azərbaycanın Müasir Dinamikası” adlı onlayn təcrübə proqramının 3-cü sessiyasında “Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu: xarici siyasət və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi” mövzusunda Pakistanın müxtəlif universitetlərində təhsil alan magistrant və doktorantlar üçün təqdimat-mühazirə keçmişdir. Sultan Zahidov Oktyabrın 12-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi və Pakistan İslam Respublikasında yerləşən “Kəşmir üçün Gənclər Forumu” adlı qurumun təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan münaqişəsi: Siyasi elita və vətəndaş cəmiyyətinin rolu” adlı onlayn panel sessiyada “Dağlıq Qarabağ münaqişəsinin tarixi və İkinci Qarabağ müharibəsi ətrafında beynəlxalq siyasi kontekst” mövzusunda təqdimat-mühazirə keçmişdir. Bundan əlavə Sultan Zahidov Türkiyənin Ankara şəhərində yerləşən və Web of Science – biblioqrafik məlumatlar bazasında indeksləşən “İnsight Turkey” elmi jurnalının redaksiya heyətinin üzvüdür.