2020-ci ildən yeni formatda fəaliyyətə başlayan İqtisadiyyat kafedrasının xələfi olan Siyasi iqtisad kafedrasının əsasını 1945-ci ildə görkəmli alim Məmmədhəsən Dadaşov qoymuşdur. 1925-ci ildən Azərbaycanın ali məktəblərində, o cümlədən ADU-da Siyasi iqtisad fənninin əsasını qoyan və onu tədris edən ilk azərbaycanlı alim Məmmədhəsən Dadaşov olmuşdur. O, 1945-ci ildə ADU-da Tarix fakültəsinin nəzdində siyasi iqtisad qrupunu təşkil etmişdir. 1951-ci ildən Azərbaycan nəzəri iqtisad elmini ləyaqətlə təmsil edən siyasi iqtisad qrupunun ilk məzunları Polad Rufullayev, Sabir İbadov, İnqilab Əlibəyov, Hüseyn Hüseynov, Müzəffər İmanov, Tərlan İsmayılova, Çingiz Həsənov, Fəsli Əmikişiyev, Rasim Qarayev, Fazili Hüseyn, Tofiq Quliyev, Ağabala Qasımov, Adil Qasımov, Yavər Mirzəyev, Hacışirin Zeynalov, Ərəstun Axundov və başqaları olmuşlar. 1963-cü ildən etibarən isə M.Dadaşovun ciddi cəhdləri ilə ADU-da ayrıca siyasi iqtisad qrupu açılmışdır. 1968-ci ildə bu qrupu bitirən məzunlar sırasında Q.Qitəliyev, K.Zeynalov, A.Abdullayev, C.Əliyev, F.Hüseynov, R.Filiyev, B.Osmanov, S.Allahverdiyev və başqaları olmuşlar. Ümumiyyətlə, bu qrupları bitirənlər sonralar respublikada iqtisad elmini layiqincə təmsil etmiş və indi də etməkdədirlər. Belə ki, orta ixtisas məktəblərində, ali məktəblərdə siyasi iqtisad elmini yüksək səviyyədə tədris etməklə bərabər, elmi-tədqiqat institutlarında, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda nəzəri iqtisad sahəsində sanballı elmi-tədqiqat işləri ərsəyə gətirmişlər.
1971-1992-ci illərdə ADU-nun Siyasi iqtisad kafedrasına Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Teymur Süleyman oğlu Vəliyev rəhbərlik etmişdir. Həmin dövrdə kafedrada 23 müəllim, o cümlədən bir elmlər doktoru, professor, 17 elmlər namizədi, dosent çalışmışdır. Prof. T.S.Vəliyev kafedraya rəhbərlik etdiyi müddətdə Siyasi iqtisad kafedrası respublikada iqtisadiyyat elmi üzrə istinad kafedrası olmuşdur, xüsusilə 1976-cı ildən başlayaraq siyasi iqtisadın müxtəlif problemlərinə dair daimi «Ümumbakı seminarı» fəaliyyət göstərmişdir, bu seminarda həm tanınmış iqtisadçı alimlər, həm də ölkədən kənar ali məktəblərin tanınmış alimləri dəvət olunaraq məruzələrlə çıxış etmişlər.
Prof. T.S.Vəliyevin rəhbərliyi ilə Azərbaycanın bir qrup iqtisadçısı tərəfindən «İqtisadi nəzəriyyə» dərsliyi hazırlanmışdır. Bu gün Azərbaycanda nəzəri iqtisadın tədrisində bu dərslik və orta məktəblərin IX-XI sinifləri üçün onların hazırladığı «İqtisadiyyatın əsasları» (1997) dərsliyi geniş istifadə edilir.
1991-ci ildən İqtisadi nəzəriyyə ixtisası üzrə qrup yaradıldı ki, bu da müstəqil Azərbaycanın ilk günlərindən savadlı və yeni düşüncəli iqtisadçı kadrların hazırlanmasına təkan verdi.
1992-ci ildən Siyasi iqtisad kafedrasının adı dəyişdirilərək İqtisadi nəzəriyyə adlandırılmışdır. Həmin ildən kafedranın elmi-tədqiqat istiqamətində yeniləşmə və təkmilləşmə baş vermişdir.
1993-1999-cu illərdə İqtisadi nəzəriyyə kafedrasına professor Adil Abbas oğlu Qasımov rəhbərlik etmişdir. Kafedra əməkdaşları universitetin bütün fakültələrində iqtisadi nəzəriyyə, İqtisadi nəzəriyyə ixtisas qrupunda isə müxtəlif ixtisas yönümlü fənləri tədris etmişlər.
1997-ci ildə kafedranın bir sıra əməkdaşları tərəfindən yazılmış «İqtisadi nəzəriyyə» adlı dərs vəsaiti (2 hissə), 1998-ci ildə isə «Azərbaycan iqtisadiyyatı» dərsliyi nəşr olunmuşdur.
1999-cu ildən fakültənin tərkibində Gömrük işinin təşkili ixtisası üzrə bakalavr pilləsində tələbə qəbulunun başlaması həmin ildən Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə kafedrasının yaradılması ilə nəticələnir. O zaman kafedranın əməkdaşları əsasən İqtisadi nəzəriyyə kafedrasının professor-müəllim heyətindən təşkil olunmuşdu. Bu kafedraya prof.Adil Qasımov müdir seçilmişdir. Həmin dövrdə kafedrada Amil Məhərrəmov, Hacıağa Rüstəmbəyov, Aydın Məmmədov, Mustafa Daşdəmirov, Habil Aslanov və başqaları çalışırdılar.
Gömrük işinin təşkili ixtisası üzrə ilk buraxılış 2003-cü ildə olmuş və həmin ildən bu ixtisas üzrə magistr pilləsinə qəbul başlamışdır.
2006-cı ildə ixtisaslı kadrların hazırlanmasının gücləndirilməsi məqsədi ilə Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə kafedrasının bazası əsasında 2 yeni kafedra – Beynəlxalq iqtisadi münasibətlər kafedrası və Gömrük işinin təşkili və idarəetmə kafedrası formalaşdırılmışdı.
2008-ci ildən Nazirlər Kabinetinin bakalavr pilləsi üzrə ixtisasların yeni təsnifatına görə BDU-da yeni Dünya iqtisadiyyatı və İqtisadiyyat ixtisasları üzrə kadr hazırlığına başlanıldı. Bunun məntiqi ardıcıllığı kimi Beynəlxalq iqtisadi münasibətlər, Gömrük işinin təşkili və idarəetmə, Ümumi iqtisadiyyat və İqtisadi nəzəriyyə kafedralarının bazasında 2011-ci ildə İqtisadiyyat və idarəetmə, Dünya iqtisadiyyatı və Riyazi iqtisadiyyat kafedraları yaradıldı. İqtisadiyyat və idarəetmə kafedrasına professor Amil Məmmədəli oğlu Məhərrəmov rəhbərlik edirdi.
2020-ci ildə İqtisadiyyat və idarəetmə kafedrası “İqtisadiyyat” və “Maliyyə və menecment” kafedralarına bölünmüşdür. Hazırda “İqtisadiyyat” kafedrasına professor Vahid Hacıbəy oğlu Abbasov rəhbərlik edir.
Kafedranın professor-müəllim heyəti iqtisadiyyat üzrə kadrların hazırlanması ilə yanaşı, həm də BDU-nun digər fakültələrində İqtisadiyyat fənnini tədris edirlər.
Hazırda kafedrada professor Vahid Hacıbəy oğlu Abbasov, professor Pəri Əmirəhməd qızı Həsənova, dosent Zöhrab Səməd oğlu Eyvazov, dosent Mehriban Yadulla qızı Yadulla, dosent Səidə Ənvər qızı Şixəlizadə, dosent Laçın Vəzir oğlu Abışlı, dosent Leyla Qabil qızı Xasiyeva, dosent Rasim Fərhad oğlu Tacəddin, i.ü.f.d. Bəhruz Qabil oğlu Xasıyev, müəllimlər Gülnar Qurban qızı Hüseynova, Nəzrin Hacıağa qızı Rüstəmbəyova, İbrahimli Arzu Böyükağa qızı, Tovuz Zahid qızı Daşdəmirova çalışır.