Kafedra 1967-ci ildə təsis edilmiş Elmi kommunizm kafedrasının bazası əsasında formalaşıb və 1991-ci ildən Politologiya və sosiologiya kafedrası adı ilə fəaliyyət göstərir. Vaxtilə Elmi kommunizm kafedrasında görkəmli filosoflar çalışmışlar.
Kafedraya 1967-ci ildən 1997-ci ilə qədər fəlsəfə elmləri doktoru, prof. H.İ.Şirəliyev rəhbərlik etmişdir. Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, prof. H.İ.Şirəliyev 1947-1952-ci illərdə ADU-nun Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır. 1958-ci ilin sentyabrından ADU-nun Fəlsəfə kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildə fəlsəfə elmləri üzrə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1978-ci ildə professor seçilmişdir.
1967-ci ildə BDU-nun Elmi kommunizm kafedrasının müdiri seçilmişdir. Onun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti çoxşaxəli olmuşdur. O, fəlsəfənin müxtəlif sahələri üzrə 10-dan çox monoqrafiya, dərslik, politologiya və sosiologiya elminə aid dərsliklərin, 100-dən
çox elmi məqalənin müəllifi olmuşdur. O, bir sıra siyasi əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Prof. H.İ.Şirəliyevin «Politologiya» dərsliyi bu gün də ali məktəblərdə geniş istifadə edilir.
Prof. H.İ.Şirəliyev Azərbaycan, habelə keçmiş SSRİ-nin digər respublikaları üçün 75 nəfərdən çox elmlər doktoru və elmlər namizədi hazırlamışdır. Elmin inkişafı və yüksəkixtisaslı kadrların hazırlanması sahəsində mühüm xidmətlərinə görə o, 1980-ci ildə Əməkdar elm xadimi adına, 1985-ci ildə isə «SSRİ ali məktəb əlaçısı» döş nişanına layiq görülmüşdür.
1997-ci ildən Politologiya və sosiologiya kafedrasına professor Əli Cavad oğlu Əhmədov rəhbərlik edir. Ə.C.Əhmədov 1970-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olmuş, sonradan təhsilini Moskva şəhərində davam etdirmişdir. 1976-1978-ci illərdə Azərbaycan EA-da işləmişdir. 1978-ci ildən ADU-nun Politologiya və sosiologiya kafedrasında çalışır. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatı seçilmiş (II-IV çağırış), Azərbaycan Respublikası Baş Nazirinin müavinidir. O, 6 monoqrafiyanın, 1 dərsliyin və 70-ə yaxın məqalənin müəllifidir.
Hazırda kafedrada yüksəkixtisaslı əməkdaşlar: dosent Fazil Qulammirzə oğlu Vahidov, professor Hikmət Baba oğlu Məmmədov, dosentlər Azər Mehdi oğlu Şirinov, Məcid Əhməd oğlu Əfəndiyev, İsmayıl Əhməd oğlu Eyyubov, Vəsxanım Meylaqulu qızı Orucova, Zemfira Əmrah qızı Əhmədova, Nazim Sadiq oğlu İbadov, Arif Sədi oğlu Rüstəmov, Xatirə Bəxtiyar qızı Əfəndiyeva, Tahir Rza oğlu Behbudov, müəllimlər Validə Əbdüləziz qızı Mustafayeva, Sevinc Əli qızı Əliyeva, Mehman Zahid oğlu Həsənov, Ülviyyə Əlisahib qızı Quliyeva, Gülşən Fazil qızı Əliyeva, Könül Mədət qızı Şıxiyeva və 2 tədrisköməkçi heyət – Məftunə Rəşid qızı Abdullayeva, Nuran Natiq qızı Məmmədli çalışır.
Kafedranın professoru Hikmət Baba oğlu Məmmədov 2009-cu ildə Qazaxıstanda keçirilən «Türkdilli dövlətlərin inkişafında liderlərin rolu» beynəlxalq konfransında fəxri professor adına layiq görülmüşdür.
Politologiya və sosiologiya kafedrasının əməkdaşları respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, aktual elmi-siyasi problemlər üzrə tədqiqatlar aparırlar. Kafedra əməkdaşları Politologiya elminin öyrənilməsində əsas diqqəti Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və vətəndaşların siyasi şüurunun daha da artırılmasına yönəltmişlər.
Kafedra əməkdaşları bütün fakültələrdə – Politologiya və sosiologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin ixtisas qruplarında siyasi elmin xüsusi kurslarını tədris edirlər.