Azərbaycan iqtisad elminə ağır itki üz verib
Azərbaycan elminin tanınmış nümayəndəsi, yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim, dosent Sabir Adil oğlu İbadov 2022-ci il yanvarın 2-də vəfat etmişdir.
Sabir İbadov 1930-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur. 1949-1954-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almışdır. Daha sonra 1959-1962-ci illərdə BDU-nun "Siyasi iqtisad" kafedrasının əyani aspirantı olmuşdur. Ali təhsilini başa vurduqdan sonra iqtisad müəllimi kimi fəaliyyət göstərmişdir. 1967-ci ildə «Siyasi iqtisadin predmetinin müəyyən edilməsinin tarixi inkişaf mərhələləri və onun daha da təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1963-1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunda baş müəllim və dosent olmuşdur. 1970-ci ildə BDU-nun "Siyasi-iqtisad" kafedrasının baş müəllimi, 1972-ci ildən dosent, 2004-2011-ci illərdə BDU-nun "Ümumi İqtisadiyyat" kafedrasının müdiri vəzifəsini icra etmişdir. 2011-ci ildən BDU-nun "İqtisadiyyat və idarəetmə" kafedrasında dosent vəzifəsində çalışmışdır.
Sabir İbadov iqtisadi qloballaşma və milli iqtisadiyyatın müstəqilliyi problemləri, Azərbaycan keçid dövrü iqtisadiyyatı və dövlətin iqtisadi siyasəti mövzuları üzrə elmi-tədqiqat işləri aparmışdır. O, 100-ə yaxın elmi məqalənin, 8 kitabın və bir dərsliyin müəllifidir. Ali məktəblər üçün 3 dəfə nəşr olunmuş "İqtisadi nəzəriyyə" və "Azərbaycan iqtisadiyyatı" dərsliklərinin ümumi redaktorlarından biri və həmmüəllifidir.
Tanınmış alim, səmimi insan Sabir Adil oğlu İbadovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət etsin! Azərbaycan elminin başı sağ olsun!