Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da
Çin Xalq Respublikasının Lanzhou Maliyyə və İqtisad Universitetinin prorektoru Huang Hengjunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Rektor Elçin Babayev qonaqlara Universitetin tarixi, beynəlxalq əlaqələri, xüsusilə də Çin ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığı haqqında məlumat verib. O, iki ölkə arasında dostluq münasibətlərinin elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb, BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun bu əməkdaşlıqda xüsusi rol oynadığını qeyd edib. Rektor Elçin Babayev iki ölkə arasında münasibətlərin son illər yüksələn xətlə inkişaf etdiyini bildirib. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasından sonra bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rektor iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsində mədəni-humanitar, təhsil sahəsində həyata keçirilən layihələrin xüsusi rolu olduğunu vurğulayıb.
Lanzhou Maliyyə və İqtisad Universitetinin prorektoru Huang Hengju Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU ilə əlaqələrin qurulmasına maraqlı olduqlarını, bu əməkdaşlığın ölkələrimizin elm-təhsil sahəsindəki inkişafına fayda verəcəyini bildirib.
Görüşdə BDU və Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında elm, təhsil, tədqiqat sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.