İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “Böyük İpək Yolu və Azərbaycanın ixrac-nəqliyyat infrastrukturunun inkişaf imkanları” mövzusunda növbəti elmi seminar keçirilmişdir.
Elmi seminar mövzusu üzrə məruzəçi, “İqtisadiyyat” kafedrasının doktorantı Daşdəmirova Tovuz Zahid qızı çıxış edərək, qədim Böyük İpək Yolunun tarixi mahiyyəti və müasir dövrdə onun yenidən canlandırılması kontekstində Azərbaycanın geostrateji və iqtisadi roluna nəzər salınmışdır. Əsrlər boyu Şərqlə Qərb arasında mühüm ticarət arteriyası kimi fəaliyyət göstərmiş İpək Yolu bu gün "Bir Kəmər, Bir Yol" təşəbbüsü vasitəsilə qlobal iqtisadi inteqrasiyanın vacib elementinə çevrilməsinə, Azərbaycanın bu layihədə iştirakı, ölkənin coğrafi mövqeyindən irəli gələn üstünlükləri və son illərdə həyata keçirilən infrastruktur layihələrinə dair təhlillər aparılmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Abşeron Logistika Mərkəzi kimi layihələrin regiondaxili və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında rolu ətraflı araşdırılmış, bu infrastruktur təşəbbüsləri Azərbaycanın nəqliyyat-tranzit mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndirilmişdir.
Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri – o cümlədən Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz kimi marşrutlar – ölkənin tranzit potensialını gücləndirərək, dövlət büdcəsinə daxil olan gəlirlərin artırılmasına səbəb olması, tədqiqat nəticəsində tranzitdən əldə olunan gəlirlər və xarici ticarət dövriyyəsi üzrə 2024-cü ilin statistik göstəriciləri təhlil olunmuş, ixrac və idxal arasında olan balans, əsas ticarət tərəfdaşları, ixrac və idxalın məhsul strukturu nəzərdən keçirilmişdir.
Bununla yanaşı, Azərbaycanın nəqliyyat-logistika sektorunun ixracın artırılmasında rolu vurğulanmış, iqtisadiyyatın qeyri-neft sektoru üzrə şaxələndirilməsi məqsədilə bu sahəyə yönəldilən investisiyaların miqyası və səmərəliliyi araşdırılmışdır. Tədqiqatda makroiqtisadi və sektorial göstəricilər əsasında nəqliyyat infrastrukturunun ölkənin ümumi iqtisadi inkişafına təsiri qiymətləndirilərək, nəqliyyat sektoru qarşısında duran texnoloji yenilənmə zərurəti, rəqabət qabiliyyətinin artırılması, beynəlxalq logistika sistemlərinə inteqrasiya problemləri kimi məsələlər nəzərdən keçirilmişdir.
Ümumilikdə aparılan araşdırma nəticəsində Azərbaycanın nəqliyyat-ixrac infrastrukturu regional və qlobal ticarət sisteminə inteqrasiyanı gücləndirən strateji resurs kimidəyərləndirilmişdir. Gələcək perspektivlər baxımından, bu sahənin davamlı inkişafı ölkənin iqtisadi dayanıqlığı və beynəlxalq iqtisadi mövqeyinin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət kəsb etməsinə dair təkliflər və tövsiyyələr nəzərdən keçirilmişdir.
Keçirilən elmi seminarda mövzu ilə əlaqədar suallar verilmiş və müzakirələr aparılmışdır.