Magistratura səviyyəsi üzrə diplom işlərinin müdafiəsi uğurla keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedralarında magistratura səviyyəsi üzrə diplom işlərinin müdafiəsi uğurla həyata keçirilmişdir. Müdafiələr “Beynəlxalq münasibətlər və diplomatiya”, “Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti”, “Dünya siyasəti” və “Müasir danışıqlar təcrübəsi” ixtisaslaşmaları üzrə aparılmışdır.
Hər iki kafedranın professor-müəllim heyətinin iştirakı ilə baş tutan müdafiə iclaslarında magistrantlar və elmi rəhbərlərinin seçdikləri tədqiqat mövzuları üzrə apardıqları elmi araşdırmaların nəticələrini təqdim etmiş, mövzu çərçivəsində aktual beynəlxalq proseslərin təhlilini aparmış və komissiya üzvlərinin suallarını cavablandırmışlar. Müdafiə prosesi fakültənin Azərbaycan, rus və ingilis bölmələri üzrə təşkil olunmuşdur. Diplom işlərində beynəlxalq münasibətlər sistemindəki çağdaş tendensiyalar, regional geosiyasi dinamikalar, diplomatik strategiyalar və müasir danışıqların texnologiyaları kimi məsələlər geniş şəkildə araşdırılmışdır.
Qeyd etmək lazımdır ki, diplom işlərini müdafiə edənlər arasında Çin Xalq Respublikasından və Tacikistandan olan magistrantlar da yer almışdır.
Müdafiə komissiyaları tərəfindən təqdim edilən tədqiqat işlərinin aktual mövzularda qurulması, analitik yanaşmanın və tədqiqat metodologiyasının elmi standartlara uyğun şəkildə tətbiqi yüksək qiymətləndirilmişdir