BDU aliminin məqaləsi nüfuzlu jurnalda çap olunub
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərovun həmmüəllif olduğu elmi məqalə beynəlxalq elmi nəşrlərin tanınma, istinad göstəriciləri və tələb olunma səviyyəsinə görə yüksək qiymətləndirilən Q1 kvartil kateqoriyasına daxil olan nüfuzlu jurnalda nəşr edilib.
Məqalə Böyük Britaniyanın nüfuzlu Taylor & Francis Group nəşriyyat evinə məxsus "Israel Affairs" jurnalında çap olunub. "Israel–Georgia relations: factors and stages" (İsrail-Gürcüstan əlaqələri: təsir amilləri və mərhələlər) adlı tədqiqat işində İsrailin müasir dövrdə Cənubi Qafqaz regionundakı maraqları, bölgədə baş verən yeni geosiyasi dəyişikliklər, İsrail-Gürcüstan münasibətlərinin siyasi, iqtisadi və mədəni aspektləri araşdırılıb. Bundan əlavə, məqalədə İsrail-Gürcüstan əlaqələrinin İsrailin İran və digər region dövlətləri ilə münasibətlərinə təsiri məsələlərinə də toxunulub.
"Israel Affairs" jurnalı Web of Science və Scopus kimi nüfuzlu elmmetrik bazalara daxil olmaqla yanaşı, impakt faktorlu elmi nəşr kimi tanınır.
Məqalənin həmmüəllifi Bakı Slavyan Universitetinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadədir.
URL: https://www.tandfonline.com/doi/full/10.1080/13537121.2025.2469451?scroll=top&needAccess=true