BDU-da 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanda və BDU-da elm və təhsilin inkişafında, ictimai həyatında qadınların yeri və rolu mövzusunda çıxışlar olub.
BDU-nun rektoru Elçin Babayev Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, eləcə də Universitetin xanım əməkdaş və tələbələrini təbrik edib. Rektor qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmət və ehtiramla yanaşıb. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir Bu gün ölkəmizdə qadınların dövlət qurumlarında, seçkili orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoyur.
E.Babayev bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Rektor çıxışı zamanı ölkənin ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində BDU ailəsinin üzvü olan qadınların da böyük əməyinin olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini yüksək qiymətləndirib.
Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri , BDU-nun professoru Hicran Hüseynova, Milli Məclisin üzvü, BDU-nun professoru Jalə Əliyeva, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, BDU-nun Gender və psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova, BDU-nun Nanoaraşdırmalar Elmi-tədqiqat Mərkəzinin elmi işçisi Aynurə Kərimova qadınların ölkənin ictimai həyatında, elm və təhsil, mədəniyyət və incəsənətin inkişafında rolundan bəhs edən çıxış ediblər. Çıxışlarda qadının ailədə, işdə və cəmiyyətdə layiqli yer tutmasının dövlətimizin prioritet istiqamətlərindən olması, ölkəmizdə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi haqqında ətraflı məlumat verilib.