BDU-da “Azərbaycan–Türkiyə iqtisadi əlaqələri və qarşılıqlı münasibətlər” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ümmühəbibə Qələndərovanın məruzəsi ilə “Azərbaycan–Türkiyə iqtisadi əlaqələri və qarşılıqlı münasibətlər” mövzusunda elmi seminar keçirilib.
Seminar çərçivəsində professor-müəllim heyətinin və magistrantların iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlərin tarixi, mövcud vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub.
Məruzəçi Ümmühəbibə Qələndərova çıxışında Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin tarixi əsasları və bu münasibətlərin zamanla necə inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırıb. O, iqtisadi əlaqələrin əsas mərhələlərini təhlil edərək, müstəqillikdən sonra iki ölkə arasında imzalanmış mühüm iqtisadi razılaşmaların və strateji əməkdaşlıq mexanizmlərinin roluna toxunub.
Seminarda Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi statistik göstəricilərlə təqdim olunaraq, ixrac və idxal strukturunun analizi aparılıb. Xüsusilə enerji sahəsindəki əməkdaşlıq – TANAP, TAP, Bakı–Tbilisi–Ceyhan kimi regional və qlobal əhəmiyyətli layihələrin iqtisadi və geosiyasi təsirləri ətraflı müzakirə edilib.
Seminarın sonunda Azərbaycan–Türkiyə iqtisadi münasibətlərinin gələcək inkişaf perspektivləri qiymətləndirilib və qarşılıqlı investisiyaların təşviqi, rəqəmsal iqtisadiyyat və yaşıl enerji kimi yeni əməkdaşlıq sahələrinin gündəmə gətirilməsinin zəruriliyi qeyd olunub.