BDU-da BMT Baş Assambleyası modelinin simulyasiya konfransı
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində dünyadakı ətraf mühit problemlərinin aradan qaldırılması” mövzusunda BMT Baş Assambleyası modelinin simulyasiya konfransını keçirib.
“BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova ekoloji problemlərin həllində könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, diplomatiya sahəsi də ekoloji problemlərin daha real müstəvidə təhlili üçün geniş imkanlar açır.
Konfrans plenar sessiyalar formasında davam edib. BMT Baş Asambleyasının iclasında müxtəlif üzv dövlətlərin nümayəndələri rolunu icra edən tələbə-gənclər dünyadakı ətraf mühit problemlərinin həlli üsullarını müzakirə ediblər. İclasda iqlim dəyişikliyi, havanın, suyun çirklənməsinin qarşısının alınması, yaşıllıqların qorunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Plenar iclaslarda aparılan müzakirələrdən sonra ekoloji maarifləndirilmənin aparılması, radioaktiv tullantıların azaldılması və digər ekoloji problemləri vurğulayan yekun sənəd səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, BMT modeli diplomat olmaq istəyən gənclərə beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, bilik və bacarıqlarını artırmaq fürsəti yaradan modeldir. Layihənin məqsədi gənclərə liderlik bacarıqlarının, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir.