BDU-da "Unutmayaq, unutdurmayaq!" adlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Kimya, Beynəlxalq Münasibətlər və İqtisadiyyat (BMİ) fakültələrinin könüllüləri tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Unutmayaq, unutdurmayaq!" adlı tədbiri keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Kənan Vəkilov bildirib ki, Xocalı faciəsi xalqımıza qarşı Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən məqsədli olaraq törədilib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib.
Sonra 44 gün sürən Vətən müharibəsi zamanı hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi zəfəri haqqında ətraflı məlumat verilib.
Sonda tələbələr tərəfindən Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş olunub və şeirlər səsləndirilib.