BDU-nun baş müəllimi beynəlxalq elmi konfransda iştirak edib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Qalib Qafarlı Türkiyənin Sakarya Universitetinin təşkilatçılığı ilə 18. Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransında iştirak edib. Konfrans 12-14 dekabr 2020-ci il tarixlərində “Google Meet” platforması üzərindən onlayn şəkildə keçirilib. Beynəlxalq konfransa Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan və İndoneziyadan 300-ə yaxın tədqiqatçı qatılmaq üçün müraciət edib.
Qeyd edək ki, əvvəlcə konfransın keçirilməsi 7-8 Noyabr 2020-ci il tarixinə təyin olub, ancaq Azərbaycan Respublikasında mövcud olmuş hərbi vəziyyətlə əlaqədar olaraq 12-14 dekabr 2020-ci il tarixinə dəyişdirilib. Həmçinin konfrans ərzində Azərbaycana dəstək və şəhidlərimizin əziz xatirəsinə iclasların keçirildiyi salonlar “Qarabağ”, “Şuşa”, “Xocalı”, “Xankəndi”, “Laçın”, “Cəbrayıl”, “Ağdam” adlandırılıb.
Konfransda Qalib Qafarlı “İxracata dövlət dəstəyi sisteminin formalaşdırılmasında beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə dünya ölkələrində tətbiq olunan ixraca dövlət dəstəyi mexanizmləri və onların əsas cəhətləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin təqdimatda dünya ixracında lider mövqeyə malik ölkələrin dünya üzrə milli ixracatçılar üçün ən çox güzəştli kredit və sığorta xidmətləri göstərən ölkələr olduğu cədvəllər əsasında bildirilib. Sonda müəllif iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Qalib Qafarlının məqaləsi konfransa təqdim olunan 272 məruzə arasından seçilərək gündəliyə salınan 211 tədqiqat işindən biridir.
Üç gün davam edən konfransın sonunda Qalib Qafarlı konfransın təşkilat komitəsi tərəfindən beynəlxalq sertifikat və təşəkkürnamə ilə təltif olunub.