BDU-nun baş müəllimi Eldar Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda beynəlxalq elmi-praktik konfransda plenar məruzə ilə çıxış edib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması çərçivəsində təşkil olunub. Beynəlxalq konfrans Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Şahmərdan Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, həmin universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşəbbüsü, eləcə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və yerli diaspor təşkilatlarının dəstəyi ilə baş tutub.
Konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdən tanınmış alimlər, ekspertlər, dövlət rəsmiləri və ictimai xadimlər iştirak ediblər. Tədbirin məqsədi müasir beynəlxalq münasibətlər sistemində konstitusionalizm, suverenlik və mədəniyyətlərarası dialoqun rolu barədə elmi və praktiki müzakirələrin aparılması, eləcə də türk dünyasının strateji əməkdaşlıq istiqamətlərinin aktuallaşdırılması olub.
Eldar Cəfərov konfransda “Azərbaycan və Qazaxıstanın xarici siyasət strategiyalarının formalaşmasında mədəniyyətlərarası kommunikasiyanın rolu” mövzusunda çıxış edib. O, məruzəsində iki qardaş ölkə arasında tarixi-mədəni bağların və ortaq mənəvi dəyərlərin müasir dövrdə diplomatik münasibətlərə və xarici siyasət yanaşmalarına təsirindən bəhs edib. Məruzədə həmçinin mədəniyyətlərarası kommunikasiyanın regional sabitlik, çoxtərəfli əməkdaşlıq və müştərək geosiyasi maraqlar baxımından əhəmiyyəti elmi əsaslarla təhlil edilib.
Konfrans çərçivəsində plenar iclaslar və tematik sessiyalar keçirilmiş, iştirakçılar arasında elmi əməkdaşlıq imkanları, ortaq tədqiqat layihələri və tələbə-müəllim mübadilə proqramları barədə ilkin müzakirələr aparılmışdır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti ilə Şahmərdan Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında 2022-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində Beynəlxalq münasibətlər ixtisası üzrə birgə bakalavr hazırlığı həyata keçirilir.