Zəhra Səmədovanın təqdimatında elmi seminar keçirilib
Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Azərbaycanda kənd təsərrüfatının inkişaf prinsipləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda Dünya iqtisadiyyatı kafedrasının dosenti Zəhra Səmədova elmi məruzə ilə çıxış edib.
Elmi seminarda Zəhra Səmədova Dünya iqtisadiyyatında qloballaşma meyllərinin milli iqtisadi sistemlərə təsiri şəraitində aqrar sahədə mövcud inkişaf meyllərinin çoxillik dinamik təhlililini aparmaqla, bu sahədə innovasiyaların müxtəlif növləri və mərhələlərinə dair elmi-nəzəri mənbələr haqqında geniş məlumat verib. Kənd təsərrüfatında səmərəli istehsal fəaliyyətinin təmin edilməsi sahəsində həm milli innovasiya sisteminin, həm də onun tərkib hissəsi kimi çıxış edən kənd təsərrüfatında innovasiyaların tətbiq olunmasının təşkilati və iqtisadi problemlərinə dair fikirlərini açıqlayıb. Aqrar sahədə innovativ fəaliyyətlərin kəmiyyət və keyfiyyət artımının təmin edilməsi, istehsalçıların innovasiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi, həmçinin səmərəli elm-istehsal sistemlərinin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonra Dünya iqtisadiyyatı kafedranın dosenti Habil Aslanov Azərbaycanın kənd təsərrüfatının geniş inkişaf perspektivlərindən və respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsinin real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslandığını vurğulayıb.
Daha sonra dosent Fərid Babayev mövzu haqqında fikirlərini bölüşərək Zəhra Səmədovaya təşəkkür edib və çıxışının maraqla qarşılandığını vurğulayıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb.