Afət Güləliyevanın təqdimatında elmi seminar keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında “Beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO və KTMT-nin güc oyunu” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Beynəlxalq münasibətlər kafedrasının dosenti Afət Güləliyeva mövzu ilə bağlı çıxış edib. Məruzəçi müasir dövrdə təhdidlərin sayının və mahiyyətinin dəyişkən olduğunu, beynəlxalq sistemdə heç bir dövlətinin yalnız öz gücü hesabına təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını və beynəlxalq təhlükəsizlikdə dövlətlərin qarşılıqlı və universal ola biləcəyi haqda məlumat verib.
Məruzədə soyuq müharibənin başa çatması və Varşava Müqaviləsi Təşkilatının buraxılmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılmasına baxmayaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) regional təşkilat olaraq beynəlxalq təhlükəsizliyin əsas “qoruyucusu” kimi göründüyünü diqqətə çatdırıb. NATO və KTMT-nin arasındakı güc və mənfəət oyununun müasir dövrdə beynəlxalq təhlükəsizlik sistemini xüsusiyyətləndirən vacib bir faktor olduğunu, powermetrik tədqiqatların NATO-nun iqtisadi, hərbi və geosiyasi gücünün qüvvətli üstünlüyünü sübut etdiyini, KTMT-nin isə gələcəyinin tamamilə Rusiya Federasiyasının keçmiş postsovet məkanının bir hissəsi üzərində siyasi və hərbi nəzarəti saxlamaq üçün geostrateji maraqlarından asılı olduğunu statistik rəqəmlərlə əsaslandırıb.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.