Sultan Zahidovun təqdimatında elmi seminar keçirilib
Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasında “Türkiyənin müasir Yaxın və Orta Şərq siyasətinə neo-klassik realizm perspektivindən baxış” mövzusunda elmi semiar keçirilib.
Seminarda Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Sultan Zahidov mövzu ilə bağlı məruzə edib.
Məruzəçi bildirib ki, Türkiyə beynəlxalq münasibətlərin həm regional, həm də qlobal sistemində "Qərblə Şərq arasında körpü" kimi qəbul olunur. Qərb üçün o, hər şeydən öncə İslam dünyasında etibarlı müttəfiqdir. Ərəb ölkələri üçün Türkiyə Osmanlı İmperiyasının varisi, qeyri-müsəlman qüvvələrlə bərabər səviyyədə danışıqlar apara bilən ölkədir. Yeni əsrin başlanğıcı Türkiyənin inkişafında dönüş nöqtəsi oldu, bu isə, şübhəsiz ki, xarici siyasətin inkişafındakı prioritetlərin dəyişməsində əks olundu. Son onillikdə Türkiyə iqtisadiyyatının əhəmiyyətli iqtisadi uğurları hakimiyyət nümayəndələrinə ölkənin 2023-cü ilədək aparıcı qlobal iqtisadiyyata çevriləcəyini deməyə imkan verir.Türkiyənin Yaxın və Orta Şərqdə öz nüfuz dairəsinin genişləndirilməsi onun əsas prinsiplərindən biri olduğunu diqqətə çatdırıb.
Sonra kafedranın dosenti Kərəm Məmmədov Türkiyənin bölgədə münasibətlərinin inkişafı və dərinləşməsi bu ölkəyə Yaxın və Orta Şərqdə mövqeyini möhkəmləndirməyə imkan verəcəyini vurğulayıb.
Daha sonra dosent Vəliyulla Cəfərov mövzu ilə bağlı öz fikirlərini bildirib. Sonda mövzu ətrafında müzakirələr aparılıb.