BMİ fakültəsində növbəti elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə növbəti elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Qalib Qafarlı "Azərbaycanda əlverişli markroiqtisadi mühitin yaradılmasının qeyri-neft ixracına təsirləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Q.Qafarlı Azərbaycanın ixrac imkanları və onun stimullaşdırılması haqqında məlumat vermiş, son dövrlərdə bu istiqamətdə ölkəmizdə aparılan iqtisadi siyasətin təhlilini aparmışdır. Həmçinin məruzəçi ölkəmizdə ixracın dəstəklənməsi məqsədilə tətbiq olunan “birbaşa ixraca yönələn” və “dolayı, yəni əlverişli makroiqtisadi mühitin yaradılması” tədbirlərin əhəmiyyəti haqqında danışaraq, onların xarakterik xüsusiyyətləri haqqında məlumat vermişdir. Q.Qafarlı bildirmişdir ki, əlverişli makroiqtisadi mühitin formalaşdırılması ölkəmizdə ixracın, xüsusilə də qeyri-neft ixracının diversifikasiya olunmasında xüsusi rol oynaya bilər.
Qalib Qafarlının məruzəsi maraqla dinlənilib. Məruzəçiyə çoxsaylı suallar ünvanlanıb və məruzə ətrafında müzakirələr aparılıb. Daha sonra professor Hacıağa Rüstəmbəyov, dosent Habil Aslanov, dosent Fərid Babayev mövzu ətrafında çıxış edərək, məruzə ilə bağlı fikirlərini bildiriblər.