BDU-da birgə elmi müzakirə keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ilə Sosial elmlər və psixologiya fakültəsinin birgə elmi seminarı keçirilib. Tədbirdə Fəlsəfə kafedrasının dosenti Hüseyn Məmmədov və Politologiya və sosiologiya kafedrasının dosenti Mehman Həsənov məruzələrlə çıxış ediblər.
Hüseyn Məmmədovun “Siyasət fəlsəfəsinin müasir paradiqmaları” mövzusunda çıxışı zamanı siyasi fəlsəfənin tarixi inkişaf mərhələləri, dövlətin yaranması və müasir siyasi nəzəriyyələrin çağdaş problemlərə yanaşma tərzi müzakirə olunub. O, həmçinin dövlətin yaranması ilə bağlı müxtəlif nəzəriyyələrin müasir dövrdə tətbiq imkanlarına toxunub.
Mehman Həsənov “Fəlsəfə və siyasi elmlərin aktual problemləri” mövzusunda çıxış edərək fəlsəfənin cəmiyyətə təsiri, siyasi elmlərin yeni qlobal tendensiyalar fonunda inkişaf perspektivləri və şəffaf idarəetmənin əhəmiyyətindən danışıb. O, siyasi elmlərdə yeni metodoloji yanaşmaların vacibliyini vurğulayıb və bu sahədə aparılan araşdırmaların ictimai rəyə və siyasi qərar qəbul etmə prosesinə təsirini şərh edib.
Daha sonra seminar çərçivəsində geniş müzakirələr aparılıb. İştirakçılar qloballaşma, texnoloji inkişaf və müasir siyasi çağırışlar kontekstində siyasi fəlsəfənin yenidən dəyərləndirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, tədbirin fakültələrarası elmi və analitik yanaşmaların qarşılıqlı mübadiləsi üçün mühüm platforma olduğu vurğulanıb.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrə yol açıb. Sonda iştirakçılar iki fakültənin iştirakı ilə konkret mövzular ətrafında silsilə seminarların keçirilməsinin faydalı olacağı barədə fikir mübadiləsi aparıblar.