Dosent Əlimusa İbrahimov və Vəliyulla Cəfərovun təqdimatında elmi seminar keçirilib
Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimovun təqdimatında “Yaxın Şərqdə baş verən münaqişənin müasir müharibə növləri kontekstində təhlili” mövzusunda elmi seminar keçirilib. Seminarda məruzəçi Əlimusa İbrahimov Yaxın Şərqdəki münaqişələrin tarixi və siyasi köklərini, müasir müharibə növlərinin bu bölgədəki münaqişələrə necə təsir etdiyini ətraflı şəkildə izah edib. O, hibrid müharibə, informasiya müharibəsi və asimmetrik mübarizə metodlarının Yaxın Şərqdəki münaqişələrdə artan rolunu vurğulayıb. Əlimusa İbrahimov həmçinin bölgədəki güc balansının dəyişməsi, regional və qlobal aktorların maraqları, habelə bu münaqişələrin beynəlxalq münasibətlər sisteminə təsirləri barədə geniş məlumat verib. Təqdimatın sonunda iştirakçılar mövzu ilə bağlı suallar verib və geniş müzakirələr aparılıb.
Digər bir elmi seminar isə diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Vəiyulla Cəfərovun təqdimatında baş tutub. O, “44 günlük müharibədə qələbəmizin təntənəsinə hesablanmış ali strategiya” mövzusunda çıxış edib. Vəiyulla Cəfərov 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin arxasında dayanan strateji yanaşmanı, ölkənin hərbi və diplomatik sahələrdə həyata keçirdiyi addımları təhlil edərək tədbir iştirakçılarına geniş məlumat verib. Mərüzəçi müharibə dövründə milli güc komponentlərinin koordinasiyası və beynəlxalq səviyyədə yaradılan dəstəyin bu qələbədəki rolunu vurğulayıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələr aparılıb.