Dosent Əlimusa İbrahimovun təqdimatında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimovun təqdimatında “İran-Ermənistan münasibətlərinin formalaşması” mövzusunda elmi seminar keçirilib.
Əlimusa İbrahimov məruzəsində bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan və Türkiyə Ermənistanın işğalçı siyasətinə görə sərhədləri bağlayan zaman Ermənistan-İran sərhədi İrəvan üçün çox böyük iqtisadi rola sahib olmuşdur. Həmçinin qeyd edib ki, Ermənistan və İran iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə 2-ci Qarabağ müharibəsindən sonra dostluq münasibətlərini nəinki davam etdiriblər, hətta sonrakı illərdə onun ən yüksək inkişaf səviyyəsinə çatdırıblar.
Eyni zamanda vurğulayıb ki, ABŞ-nin rəhbərliyi altında İrana qarşı tətbiq edilən sanksiyalar belə ikitərəfli əməkdaşlığın məhdudlaşdırılmasına səbəb ola bilməmişdir. İrana qarşı sanksiyalar davam edərkən belə, ABŞ Ermənistanı İrəvan üçün zəruri hesab edərək, İranla iqtisadi əlaqələri dayandırmağa və ya məhdudlaşdırmağa məcbur etmədiyini xüsusən vurğulamışdır.