Dosent Kərəm Məmmədov AZƏRTAC-a müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri dövlətimizin maraqlarının reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir və çox uğurlu bir səfər olub. Dövlətimizin başçısının Almaniya prezidenti, kansleri və Almaniyanın 30-a yaxın şirkət rəhbərləri ilə çox səmərəli görüşləri oldu. Həmin görüşlər xüsusi əhəmiyyəti ilə diqqəti cəlb edir. Almaniya ilə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycana həmin ölkə şirkətlərinin cəlb olunması və respublikamızın iqtisadiyyatına sərmayə qoyulması olduqca önəmli məsələdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Kərəm Məmmədov söyləyib. K.Məmmədov bildirib ki, Almaniya Avropa İttifaqının iqtisadi baxımdan ən inkişaf etmiş dövlətidir, bu da ölkəmizin Aİ ilə əməkdaşlığının genişləndirilməsinə təsir edəcək. Xüsusi olaraq vurğulamaq istərdim ki, Almaniya Azərbaycanın regionda ən inkişaf etmiş, iqtisadi-siyasi potensialı böyük olan bir dövlət olduğunu qəbul edir və təbii ki, ölkəmizlə əməkdaşlığa üstünlük verir. Azərbaycanın Avropanın enerji təminatında böyük pay sahibi olduğu danılmaz faktdır və Prezident bunları çıxışlarında bəyan etdi.
Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının Almaniyaya bu səfərindən, orada keçirilən görüşlərdən və aparılan danışıqlardan sonra ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə geniş imkanlar yaranacaq.