“Əli və Nino” mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli BDU tələbələri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Maliyyə və menecment kafedrası “Uğur hekayəsi” adlı layihəyə başlayıb. Layihə çərçivəsində ilk görüş “Əli və Nino” mağazalar şəbəkəsininin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli ilə keçirilib.
BDU-nun məzunu olan Nigar Köçərli öz uğur hekayəsini və bu yolda qazandığı təcrübəni bölüşüb, tələbələrə biznes sahəsində mentorluq köməyini təklif edib. Həmçinin o, ölkədə kitab mədəniyyətinin formalaşması ilə bağlı təkliflərini səsləndirib, əsas oxucu kütləsinin 18-25 yaş arası gənclər olduğunu vurğulayıb.
Görüş interaktiv formada davam edib. Maraqlı sual verən tələbələrə Nigar Köçərli tərəfindən kitablar hədiyyə olunub. Görüşün sonunda fakültənin dekanı Laçın Abışlı tərəfindən Nigar Köçərliyə təşəkkürnamə verilib.