Əməkdaşımız beynəlxalq konfransda iştirak edib
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşı 11-12 mart 2022-ci il tarixlərində “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda keçirilən III beynəlxalq elmi-praktik konfransında iştirak edib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Enerji İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə Estoniyanın “Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi”nin və Böyük Britaniyanın “Cənubi Qafqazın Beynəlxalq Müasir Elmlər Akademiyası”nın birgə təşəbbüsü ilə keçirilən beynəlxalq elmi konfransda Azərbaycan alimləri ilə yanaşı dünyanın müxtəlif ölkələrinin alim və tədqiqatçıları da iştirak ediblər.
Beynəlxalq elmi konfransda Gürcüstan Naviqasiya Tədris Universiteti, Ukrayna Milli Həyat və Ətraf Mühit Elmləri Universiteti, Beynəlxalq Balkan Universiteti (Şimali Makedoniya), Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan), Gürcüstan Texniki Universiteti, Polşanın Lublin Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gürcüstanın Təhsilə Dəstək və İnvestisiya Fondu və s. kimi təşkilatlar da iştirak etmişdilər.
Konfransın bölmələrində beynəlxalq iqtisadiyyat, maliyyə iqtisadiyyatı, ictimai iqtisadiyyat, əmək və demoqrafik iqtisadiyyat, hüquq və iqtisadiyyat, biznesin idarə edilməsi və biznes iqtisadiyyatı, marketinq, kadrların iqtisadiyyatı, iqtisadi inkişaf, innovasiya, texnoloji dəyişiklik və inkişaf, ətraf mühit və ekologiya iqtisadiyyatı, turizm iqtisadiyyatı və s. kimi istiqamətlərdə aktual mövzular ətrafında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Beynəlxalq tədbirdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dünya iqtisadiyyatı” kafedrasının baş müəllimi, i.ü.f.d. Qalib Qafarlı “Əlverişli markroiqtisadi mühitin yaradılmasının ixrac potensialına təsiri məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Q.Qafarlı Azərbaycan Respublikasının ixracının mövcud vəziyyəti və ölkəmizin potensial ixrac imkanları haqqında məlumat verib. Həmçinin o, dünya iqtisadiyyatında mövcud olan qeyri-sabit vəziyyətin milli istehsalçılara və ixracatçılara göstərə biləcəyi mənfi təsirləri qeyd edərək, yerli sahibkarların maraqlarının müdafiə olunmasında ixraca dövlət dəstəyinin tətbiqinin zəruri şərt olduğunu bildirib.
Q.Qafarlı məruzədə ixraca dövlət dəstəyi tədbirlərini iki istiqamətə ayıraraq bu sahədə ölkəmizdə reallaşdırılan mexanizmləri və onların müsbət nəticələrini qeyd edib. Məruzəçi həmçinin bildirmişdir ki, Azərbaycanda əlverilşi makroiqtisadi mühitin formalaşdırılması prosesi həm iqtisadi, həm də institutsional və inzibati vasitələr hesabına görülən tədbirlər bu sahədə effektiv nəticələrin əldə olunmasına imkan yaradıb. Q.Qafarlı qeyd edib ki, 2016-cı ildən etibarən ölkəmizdə sahibkarlığın inkişafı sahəsində sistemli və ardıcıl tədbirlərin tətbiqi ilə bağlı qanunvericilikdə bir çox təkmilləşdirilmələr aparılıb, inzibati prosedurların sadələşdirilməsi və vergi yükünün azaldılması həyata keçirilib, infrastruktur layihələrinin icrası təşkil edilib, qeyri-neft sektorunda, sənaye və aqrar sektorda potensial ixrac imkanı olan şirkətlər üçün maliyyələşmə ilə bağlı yardımlar və digər tədbirlər görülüb ki, bütün bunlar nəticədə ölkəmizdə ixrac potensialının inkişafına müsbət təsirlər göstərib.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb. Q.Qafarlıya konfransın təşkilat komitəsi tərəfindən sertifikat təqdim olunub.