Fakültəmizdə 8 ixtisas üzrə mütəxəssislər hazırlanır
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkəmizdə diplomatiya, siyasi elmlər, iqtisadiyyat və idarəetmə üzrə mütəxəssis hazırlayan aparıcı elm-təhsil mərkəzidir. Fakültədə 7 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsində tələbələr yuxarı kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültənin tələbə və magistrantları Tələbə Elmi Cəmiyyətinin xətti ilə tədqiqat aparmaq imkanına malikdirlər.
Fakültədə Beynəlxalq münasibətlər, Diplomatiya və müasir inteqrasiya prosesləri, İqtisadiyyat, Dünya iqtisadiyyatı, Maliyyə və menecment, Politologiya və sosiologiya, Riyazi iqtisadiyyat kafedraları fəaliyyət göstərir. Kafedralarda müxtəlif elmi istiqamətlər üzrə əməkdaşların və gənc tədqiqatçıların iştirakı ilə tədqiqatlar aparılır.
Bakalavriat səviyyəsində Beynəlxalq münasibətlər, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Politologiya, Menecment, Maliyyə, Dövlət və ictimai münasibətlər, Biznesin idarə edilməsi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.
“Beynəlxalq münasibətlər” ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla dövlətin xarici siyasət idarələrində, diplomatik nümayəndəliklərdə, beynəlxalq təşkilatlarda, xarici şirkətlərdə, dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində və digər sahələrdə çalışa bilərlər.
“İqtisadiyyat” ixtisası üzrə məzunlar həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, həm də özəl sektorda iqtisadçı olaraq çalışa bilərlər.
“Beynəlxalq ticarət və logistika” ixtisasını bitirən məzunlar gömrük orqanlarında xarici ticarətin tənzimlənməsi prosesində, eləcə də transmilli şirkətlərdə ticarət və logistika üzrə mütəxəssis kimi çalışa bilərlər.
“Politologiya” ixtisasını bitirən məzunlar dövlət və qeyri-hökümət təşkilatlarında, eləcə də sosial təsisatlarda çalışa bilərlər.
“Menecment” ixtisasını bitirən məzunlar müxtəlif dövlət və özəl müsəsisələrdə heyətin idarə edilməsi, strateji planlaşdırmanın aparılması, inzibati işlərin aparılması üzrə menecer olaraq çalışa bilərlər.
“Maliyyə” ixtisasını bitirən məzunlar dövlətin maliyyə siyasətini həyata keçirən nazirlik, komitə və mərkəzi bankında, eləcə də yerli və beynəlxalq olmaqla özəl maliyyə-kredit təşkilatlarında çalışa bilərlər.
“Dövlət və ictimai münasibətlər” ixtisasını bitirən məzunlar yeni nəsil dövlət idarəetmə orqanlarında, ictimai və özəl mülkiyyətə əsaslanan şirkətlərdə təşkilatçılıq və idarəemə vəzifələrində çalışa bilərlər.
“Biznesin idarə edilməsi” ixtisasını bitirən məzunlar həm dövlət, həm də özəl mülkiyyətə əsaslanan məhsul və xidmətlərin istehsalını həyata keçirən müəssisələrdə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsini özündə birləşdirən vəzifələrində çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.