Fakültəmizdə növbəti elmi seminar keçirilib
21 aprel 2022-ci ildə Universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində, Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilmişdir. Seminarda fakültənin professor –müəllim heyəti, magistrant və tələbələr, dəvət olunmuş qonaqlar iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, bu seminar kafedrada son iki ayda təşkil olunan üçüncü seminar idi.
Məlum olduğu kimi, universitet rəhbərliyinin təşəbbüsü ilə mütəmadi olaraq ən azı ayda bir dəfə universitetdə mövcud olan kaferalarda elmi seminarlar təşkil olunur. Bu seminarlarda kafedraların tanınmış mütəxəssisləri aktual elmi məsələləri müzakirə edirlər.
Beynəlxalq münasibətlər kafedrası tərəfindən təşkil olunan seminarda Amerika Birləşmiş Ştatlarının qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda və regionda baş verən proseslər təhlil edilmişdir. Məruzəçi qismində kafedranın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov çıxış etmişdir.
Məruzəçi 10 ay bundan qabaq Amerika Birləşmiş Ştatlarının qoşunlarının Əfqanıstandan çıxarmasına səbəb olan amilləri izah etmiş, bu gün orada olan vəziyyət , Taliban hakimiyyətinin həyata keçirməy cəhd etdiyi reformalar haqqında danışmışdır. Ə. İbrahimov göstərmişdir ki, Taliban hökumətinin Əfqanıstanda hakimiyyəti əllərinə keçirməsi heç də onların ölkəni idarə olunmasında ciddi nailiyyət əldə edəcəklərinə zəmanət vermir. Bir çox ölkələr tərəfindən terror qrupu kimi təsdiqlənmiş bu dəstənin digər dövlətlər tərəfindən tanınması məsələsində ciddi problemlər var. Tanınma məsələsi həll olmayınca Taliban dövləti və Əfqan xalqına qurtuluş yoxdur.
Sonra məruzə ətrafında müzakirələr aparılmış. Məruzəçi seminar iştirakçılarının Əfqanıstandakı vəziyyətlə bağlı çoxsaylı suallarını cavablandırmışdır.
Müzakirələr kafedra əməkdaşları və dəvət olunan qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.