Fakültəmizin tələbələri ikili diplom proqramı haqqında danışır
Tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə BDU-da xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.
Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 3 ikili diplom proqramı fəaliyyət göstərir. Tələbələrimizə təhsil yolunda böyük dəstək olan bu proqramlar üzrə fakültəmizin 3 məzunu İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (UBİS) Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində məzun oldu.
Məzunlarımız bu yolda keçdiyi mərhələlərlə bağlı, təhsil prosesi, qazandığı təcrübələrlə bağlı öz təəssüratlarını bizimlə bölüşür.
-Elgün bəy, özünüzü təqdim edin.
-Salam, mən Elgün İbrahimzadə. Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasından bu il məzun oldum.
-Hansı ikili diplom proqramı üzrə təhsil almısınız?
-BDU ilə İsveçrənin Biznes və Beynəlxalq Araşdırmalar Universiteti (UBİS) arasında olan ikili diplom proqramı üzrə təhsil almışam.
-İkili diplom proqramına qatılmağa nə vaxt qərar verdiniz? Buna hansı amillər təsir göstərdi?
-Birinci kursa yeni daxil olmuşdum, tələbə yoldaşlarımdan belə bir proqram olduğu barədə eşitdim. İlk başda o qədər də ciddi yanaşmadım, çünki seçilmək şansımın olmadığını düşünürdüm. Ancaq bu proqrama seçilməyimin təhsil həyatıma çox müsbət təsirləri olacağını bilirdim. Daha sonra dostlarımın dəstəyi ilə müraciət etmək qərarına gəldim və bu proqrama qəbul aldım.
-Bu proqrama necə qoşuldunuz? Bunun üçün hansı mərhələlərdən keçməli oldunuz?
-İlk öncə müsahibə keçirildi. Burada universitetin müəllim heyəti tərəfindən bizə ixtisasımızla bağlı müxtəlif suallar verildi. Bu suallara verdiyimiz cavab əsasında ən yaxşı nəticə göstərən 3 tələbə seçildi və mən də onlardan biri oldum.
-Dərs prosesi necə gedirdi? Sizi qane edirdimi? Yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdinizmi?
-Dərslər olduqca maraqlı keçirdi. Yeni məlumatlar öyrəndik və yeni metodlarla tanış olduq. Eləcə də bu proqram bizə dünyanın müxtəlif nöqtələrindən fərqli insanlarla ünsiyyətdə olmaq, fərqli mədəniyyətləri ilə tanış olmaq imkanı yaratdı. Əlbəttə, ilk başlarda müəyyən çətinliklər oldu. Həm dərs saatlarını uyğunlaşdırmaq, həm də yeni sistemə uyğunlaşmaq biraz zamanımızı aldı. Ancaq zamanla hər şey qaydasına düşdü.
-Son olaraq, sizin kimi ikili diplom proqramı üzrə təhsil almaq istəyən tələbələrə məsləhətləriniz nə olardı?
-Tövsiyə edərdim ki, mütləq qarşılarına belə bir fürsət çıxarsa, onu dəyərləndirsinlər. Bildiyim qədəri BDU ilə müxtəlif universitetlər arasında ikili diplom proqramları mövcuddur və yeni ikili diplom proqramları üçün də danışıqlar aparılır. Mütləq bu yenilikləri yaxından izləsinlər və bu proqramlarda iştirak etməyə çalışsınlar.
-Nübar xanım, özünüzü təqdim edin.
-Mən, Nübar Rəhimova, bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində (ADU) almışam. ADU-nun fəxri məzunu olaraq fərqlənmə diplomu ilə bitirmişəm. Bu il Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə məzun oldum.
-Hansı ikili diplom proqramı üzrə təhsil almısınız?
-BDU ilə İsveçrənin UBIS Universiteti arasında olan ikili diplom proqramı üzrə təhsil almışam.
-İkili diplom proqramına qatılmağa nə vaxt qərar verdiniz? Buna hansı amillər təsir göstərdi?
-BDU-nun magistr pilləsinə qəbul olduqdan sonra sentyabr ayında universitetdə görüş təşkil edildi və proqram barədə məlumatlandırıldıq. İkili diplom proqramı barədə məlumata sahib olduqdan sonra bu fürsəti dəyərləndirmək qərarına gəldim.
-Bu proqrama necə qoşuldunuz? Bunun üçün hansı mərhələlərdən keçməli oldunuz?
-Proqrama qoşulmaq üçün ilk növbədə bizdən CV və motivasiya məktubu tələb olunurdu. Bu mərhələni keçdikdən sonra müsahibə mərhələsində iştirak etdim. Proqram barədə ilk dəfə məlumat verildiyi zaman qeyd olunmuşdu ki, müsahibə nəticələri uğurlu olan tələbələrin təhsil haqqları BDU tərəfindən qarşılanacaq. Daha sonra müsahibə nəticələri elan olundu və mən proqramda iştirak etmək haqqı qazandım.
-Dərs prosesi necə gedirdi? Sizi qane edirdimi? Yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdinizmi?
-Dərs prosesi onlayn formatda çox interaktiv şəkildə keçirildi. Dərslər axşam başlayır və 2 saata yaxın davam edir, dərs materialları və proqramı əvvəldən sistemə yüklənirdi. Həmçinin yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdiyimi deməzdim. Sadəcə olaraq ilk zamanlar hər iki universitetin dərslərinə hazırlaşmaq üçün gündəlik rejimimi dəyişməyə çalışırdım. Bir az yorucu idi, ancaq çətin deyildi.
-Son olaraq, sizin kimi ikili diplom proqramı üzrə təhsil almaq istəyən tələbələrə məsləhətləriniz nə olardı?
-İlk növbədə nə olursa olsun, xırda bir çətinliklə üzləşən zaman həvəsdən düşmək olmaz. Beynəlxalq münasibətlər sahəsi dəyişkən bir təbiətə malikdir, belə bir sahədə olan hərkəs daim özünü təkmilləşdirilməlidir.
-Nəzrin xanım, özünüzü təqdim edin.
-Mən, Nəzrin Qasımova, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər ixtisasının bakalavr pilləsini (ingilis dilində) qırmızı diplomla bitirmişəm. Bu il BDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə məzun oldum.
-Hansı ikili diplom proqramı üzrə təhsil almısınız?
-İsveçrənin UBİS Universiteti və BDU arasında imzalanan ikili diplom müqaviləsi üzrə
-İkili diplom proqramına qatılmağa nə vaxt qərar verdiniz? Buna hansı amillər təsir göstərdi?
-Təbii ki, magistr pilləsi üzrə ikili diplom şansı əldə etmək çox sevindirici haldır. Bizə proqram barədə məlumat verildikdə çox sevinmişdim. Bu şansı dəyərləndirmək istəyirdim.
-Bu proqrama necə qoşuldunuz? Bunun üçün hansı mərhələlərdən keçməli oldunuz?
-Proqram barəsində sentyabr ayında məlumatlandırıldıq. Daha sonra kim ikili diplom üzrə təhsil almaq istəyirsə, həmin tələbələrdən CV və motivasiya məktubu tələb olundu. Daha sonra isə müsahibə mərhələsinə dəvət olunduq. Seçilənlərdən biri də mən oldum.
-Dərs prosesi necə gedirdi? Sizi qane edirdimi? Yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdinizmi?
-Dərs prosesi onlayn şəkildə keçirildi. Axşam saatlarında dərsə qoşulurduq. Təxminən 2 saat çəkirdi. Dərslər müzakirə yönündə getdiyi üçün çox maraqlı olurdu. Bəli, əvvəlcə bir az çətinlik çəkdim. Çünki, hər iki universitetdəki dərsləri oxumaq, tapşırıqları vaxtında yerinə yetirmək bəzən yorucu olurdu.
-Son olaraq, sizin kimi ikili diplom proqramı üzrə təhsil almaq istəyən tələbələrə məsləhətləriniz nə olardı?
Düşünürəm ki, təhsil hər zaman davam etdirilməlidir. Bu davam etdirilməli və yüksək səviyyədə olmalıdır ki, gələcəkdə peşəkar olasan. Başlanğıcda çətinliklər yaşaya bilərlər, amma xatırlamaq lazımdır ki, çətinliklər olmadan heç bir uğur əldə edilə bilməz.
Müsahibəni hazırladı:
Qalib Qafarlı
Hüseyn Muradov