“İqtisadiyyatın müasir ekonometrik problemləri” üzrə elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “İqtisadiyyatın müasir ekonometrik problemləri” üzrə elmi seminar keçirilib. Seminarda professor Elşar Orucov “Maliyyə-iqtisadi göstəricilərin zaman sıralarının spektral kointeqrasiya analizi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə maliyyə-iqtisadi zaman sıralarının qeyri-xətti və dinamik yanaşmalarla təhlili, həmçinin orta və uzun müddətli trendlərin müəyyənləşdirilməsi müzakirə olunub. Petkim səhm qiymətləri ilə USD/TRY məzənnəsi arasındakı asılılıqların harmonik tərkibləri barədə məlumat verilib.
Professor Orucov ənənəvi ekonometrik testlərin bəzi hallarda yetərsiz olduğunu, buna görə də harmonik tərkibli ECM modellərinin xüsusi alqoritmlərlə qurulmasının vacibliyini vurğulayıb. Sin və cos funksiyaları ilə korrelyasiya əmsallarının qiymətləndirilməsi, periodoqramma və spektroqramma analizləri ətrafında geniş diskussiyalar aparılıb.
Təqdimat zamanı Eviews 12 proqramında bu modellərin tətbiqi üçün nəzəri əsaslandırılmış tövsiyələr də verilib. Seminar iştirakçıları mövzu üzrə aktual problemləri müzakirə edərək dəyərli təkliflər səsləndiriblər.