Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin nümayəndəsi Bakı Dövlət Universitetində olub
2025-ci ilin 1–8 aprel tarixlərində Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının baş müəllimi, Azərbaycan Mərkəzinin direktoru və Bakı Dövlət Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramının koordinatoru İlkin Orucov akademik mübadilə proqramı çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.
Səfər müddətində İlkin Orucov Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci kurs tələbələrinə “Müasir dünya siyasəti” fənni üzrə ustad dərs demişdir. Ustad dərs zamanı müasir beynəlxalq münasibətlər sistemindəki aktual məsələlərə toxunmuş, həmçinin Qazaxıstanın tarixi, mədəni irsi, beynəlxalq aləmdəki mövqeyi barədə ətraflı məlumat vermişdir.
Ustad dərsi zamanı məruzəçi İlkin Orucov Qazaxıstanın Aktau şəhərinin iqtisadi və sosial inkişaf meyilləri, Xəzər regionunun geostrateji əhəmiyyəti və Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin fəaliyyəti barədə ətraflı məlumat təqdim etmişdir. Eyni zamanda Bakı Dövlət Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramının məqsədləri və bu proqramın təhsil mübadiləsi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Sonda məruzəçi tərəfindən tələbələrin sualları cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.
Həmçinin İlkin Orucov Bakı Dövlət Universitetində ikili diplom proqramı çərçivəsində təhsil alan 5 nəfər qazaxıstanlı tələbə ilə görüşmüş, onların təhsil təcrübələri və iki universitet arasındakı əməkdaşlığın faydaları haqqında söhbət aparmışdır.
Bu səfər və akademik mübadilə proqramı Azərbaycan və Qazaxıstan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İki universitet arasındakı qarşılıqlı əlaqələr, tələbələrin beynəlxalq təcrübə qazanmasına, yeni biliklər əldə etmələrinə və gələcəkdə daha da dərinləşən əməkdaşlıqların yaranmasına zəmin yaradır.