“Tarixi irs və tərəfdaşlıq: Ümummilli lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin əsri” mövzusunda tələbələrin elmi konfransı keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Tarixi irs və tərəfdaşlıq: Ümummilli lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin əsri” mövzusunda tələbələrin elmi konfransı keçirib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, dosent Laçın Abışlı bildirib ki, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Həmçinin, Laçın Abışlı qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu olduqca böyükdür. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Sonra Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Təranə Tağıyeva çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurumasında müstəsna rolu olmuşdur və Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Eyni zamanda vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.
Daha sonra fakültənin Elmi işlər üzrə dekan müavini, dosent Kərəm Məmmədov bildirib ki, Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına bilavasitə dəlalət edir. Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar Heydər Əliyev irsinin, Heydər Əliyev ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasına sübutdur.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəyli Ulu öndər Heydər Əliyevlə olan təcrübələrini bölüşüb və qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisidir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Sonda konfrans bölmə iclası ilə davam edib.